Ölkə 13:27 21.12.2017

Azərbaycanda uşaqları sevindirən Şaxta Baba

Dünyayı verelim çocuklara hiç değilse bir günlüğüne
allı pullu bir balon gibi verelim oynasınlar
dünyayı çocuklara verelim
kocaman bir elma gibi verelim sıcacık bir ekmek somunu gibi
hiç değilse bir günlüğüne doysunlar
dünyayı çocuklara verelim
bir günlük de olsa öğrensin dünya arkadaşlığı...

(Nazim Hikmət Ran) 

Dünyanı uşaqlarsız fikirləşmək olar? Heç vaxt. Onların gülüşü, səsi, baxışı hətta ağlamağı belə insanın içində hər hansısa bir hissi oyadır. 5 dəqiqə də olsa, bir uşaqla oynamaq insana necə müsbət təsir etdiyini hamımız çox yaxşı bilirik. 

Sevindiricidir ki, son bir neçə ildə bayram ərəfəsində ucqar rayonlarda yaşayan uşaqlar üçün müxtəlif təşkilatlar, fərdi və könüllü şəxslər tərəfindən müəyyən kampaniyaların həyata keçirilməsi ənənə halını alıb. Bu il daha bir yeni layihə - Baba.az fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi Azərbaycanın rayon və kəndlərində yaşayan uşaqlara da yeni il ab-havasını yaşatmaqdır.

Baba.az saytı ABŞ-da yaşayan azərbaycanlılar - Fərhad ƏləkbərovFuad Ağayevin dəstəyi ilə istifadəyə verilib. Burada siz müxtəlif regionlardan olan uşaqların videosunu görə bilərsiniz. 

Bir uşağın üzündəki sevincə səbəb olmaq istəyirsinizsə, layihəyə qoşularaq öz töhfənizi verə bilərsiniz. Layihə uşaqlara sadəcə yeni illə bağlı hədiyyə göndərilməsindən ibarət deyil. Layihə çərçivəsində uşaqların hər hansı bacarıqlarının nümayiş etdirilməsi və qarşılığında Şaxta babanın onun istədiyi Yeni il hədiyyəsini verməsi planlaşdırılır. Bu şəkildə uşaqların bacarıqları olan sahə üzrə ruhlandırmaq və gələcək illərdə bu yolda inkişafa motivasiya edilməsi nəzərdə tutulub.

Uşaqlar öncə hansısa bir istedadını göstərir və ardınca Şaxta babadan istədiyi hədiyyəni qeyd edir. O hədiyyələri almaq isə biz - vətəndaşların üzərinə düşür. Uşaqların istədikləri elə də böyük maddi vəsait tələb etməyən hədiyyələrdir. Hədiyyələr alındıqca saytda qeyd olunur (videoda başlığın qarşısında "Hədiyyə Alındı” qeyd olunub). Qeyd edim ki, cümə gününün sonuna kimi (22 dekabr 2017) yeni videolar sayta əlavə olunacaq.

Belə layihələr hər zaman dəyərlidir. Çünki bu kimi fəaliyyətlər insanları yardımlaşmağa, bir-birinə dəstək olmağa sövq edir. Xüsusən mövzu uşaqlar, onların arzularını, istəklərini həyata keçirməkdirsə bu addım alqışlanmalıdır.

Özümüzü bir anlıq Şaxta Baba sanaq və balaca balalarımızın istəklərini birlikdə həyata keçirək!

Uşaqların istəklərinə baxmaq üçün VİDEOLAR

İnci Yusifova