Ölkə 15:22 24.12.2017

Azərbaycanda və dünyada: Hər gün nə qədər ana, körpə ölür?

Hər gün dünyada minlərlə uşaq və ana dünyasını dəyişir. Doğuş zamanı qeydə alınan ölümlərin də bu siyahıda xüsusi çəkisi var. Azərbaycanda da ana və uşaq ölümləri qeydə alınır. Bu ölümlərdə qadınların hamiləlik dövrü yaşadıqları problemlər, həmçinin öncəki abortların mühüm rolu var. Bəzən oğlan sevdasına görə qadınlarımız qurban verilir. Dəfələrlə selektiv aborta gedir ki, bu da ən pis halda ana ölümü ilə nəticələnir. Azərbaycanda son 3 ilin ana və körpə ölümləri xəritəsinə nəzər salaq:

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanda bir yaşa qədər olan körpələrin ölüm sayı 1655 olub. Onlardan 1324-ü şəhər yerində, 331-i isə kənd yerində həyatını itirib. Rəqəmlərə əsasən, 2014-cü ildə ölkədə hamiləlik, doğuş və zahılıq dövründə 25 ana dünyasını dəyişib. "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, hamiləlik, doğuş və zahılıq dövründə olan anaların 2014-cü ildə ölümünün səviyyəsi 2013-cü illə müqayisədə 0,7 faiz artıb", komitənin məlumatında bildirilir.



Maraqlısı odur ki, uşaq ölümü ən çox Gəncə şəhərində (40), ana ölümü isə Gəncə, Lənkəran və Aranda qeydə alınıb. 2015-ci ildən Azərbaycan diridoğulmanın yeni meyarlarına keçib, yəni hamiləliyin 22 həftəsindən sonra doğulan və çəkisi 500 qram və daha artıq olan körpələr vaxtından əvvəl doğulmuş hesab olunur. 2016-cı ildə 1000 qramdan az çəki ilə doğulmuş 295 yenidoğulmuşdan 135 körpəni xilas etmək mümkün olub. 2008-2014-cü illərdə perinatal ölüm göstəricisi hər 1000 yenidoğulana 14,2-17,4 təşkil edib. 2015-ci ildə yeni meyarlara keçilməsinə baxmayaraq, perinatal və neonatal yardımın təkmilləşməsi ilə əlaqəli olaraq bu göstəricidə neqativ dinamika qeyd olunmayıb. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının ötən il üzrə hesabatında bildirilir ki, 2016-cı il ərzində respublikada 22 ana ölümü hadisəsi baş verib. Ana ölümünün səviyyəsi hər 100000 diridoğulana 13,8% təşkil edib. Bu göstərici 1996-cı ildə 44,1%, 2006-cı ildə 34,2%, 2009-cu ildə 24,3%, 2012-ci ildə 14,9%, 2015-ci ildə isə 14,4% olub. Azərbaycanda ana ölümləri əksər halda ekstragenital patologiya, qadınların vaxtında həkim müayinəsindən keçməməsi, vaxtında yoxlanılmaması səbəbindən baş verir.

Türkiyədəki rəqəmlər

Türkiyədə isə ötən 20 illə müqayisədə müəyyən müsbət nəticələr əldə edilib. Belə ki, 1990-cı ildə Türkiyədə hər 1000 yeni doğulan körpədən 82-si dünyasını dəyişirdisə, 2007-ci ildə bu say azalaraq 23 olub. Türkiyə beş yaşdan daha tez ölümlərin sayına görə 104-cüdür. Bir yaşdan tez ölüm sayına görə isə Türkiyə son 20 illə müqayisədə 67-ci yerdən 21-ə enib. 

Dünyada ana və uşaq ölümlərinin sayı UNİCEF-in hesabatında

Dünyada ana və uşaq ölümlərinin sayına görə Asiya və Afrika qitəsi üstünlük təşkil edir. Əlbəttə, Avropa və qərb ölkələri ilə müqayisədə burada təhsil və səhiyyənin daha zəif olması ana və uşaq ölümlərində mühüm rol oynayır. BMT və təşkilatın Uşaqlara Yardım Fondu olan UNİCEF tərəfindən ana və uşaq ölümlərinin sayının azaldılması istiqamətində son 30 ildə daha ciddi addımlar atılıb. UNİCEF-in hesablamalarına görə hamiləlik və doğuşda yaranan problemlərlə əlaqədar olaraq hər il dünyada 500 min uşaq dünyasını dəyişir. Aparılan araşdırmalar zamanı bəlli olub ki, bu ölümlərin 100-də 40 faizi doğuşdan 28 gün sonrada reallaşıb. Daha az inkişaf etmiş ölkədə doğulan uşaqların ölüm riski digər ölkələrlə müqayisədə 14 dəfə yüksək qiymətləndirilib.



UNİCEF-in "Ana və yeni doğulmuşun sağlamlığı” adlanan, 2009-cu ildə hazırlanan hesabatında 2015-ci ilədək ana və uşaq ölümlərinin sayının azaldılması əsas strategiya olaraq müəyyənləşsə də, gözəçarpan bir dəyişiklik əldə olunmayıb. 

UNİCEF-in 2016-cı ilə aid hesabatına görə hər gün dünyada 15 min uşaq dünyasını dəyişir ki, onlar arasında da yeni doğulmuşların statistikası daha yüksəkdir. Xüsusən də az inkişaf etmiş ökələrdə bu rəqəm yüksəkdir. UNİCEF-in yayımladığı "Uşaq ölümləri və faizləri” hesabatına görə 2030-cu ilədək 60 milyon uşaq dünyasını dəyişəcək. Statistikalara nəzər yetirsək, görərik ki, 2016-cı ildə 5.6 milyon uşaq dünyasını dəyişib. 1990-cı illərdə isə bu rəqəm dəfələrlə yüksək, 12.6 milyon olub. UNİCEF-in hesabatına görə müəyyən mənada ölümlərin sayı azalsa da, bu rəqəmlər yenə də yüksək olaraq qalmaqdadır.

1990-cı ildə doğulan  hər min uşaqdan 93-ü, hazırda isə 40-ı dünyasını dəyişir. 2015-ci ildə təşkil olunan bir görüşdə bu rəqəmin 25-ə endirilməsi nəzərdə tutulsa da, hədəflərə nail olunmayıb. Bu gedişatla 2030-cu ilədək 60 milyon uşağın dünyasını dəyişəcəyi, bunun yarısından çoxunun yeni doğulmuşların təşkil edəcəyi proqnozlaşdırılır. Hesabatda həmçinin bəzi Qərbi Asiya ölkələrində qız uşaqlarının ölümünün oğlanlarla müqayisədə daha çox olduğu diqqət çəkir.

Mənbə: cebhe.info