Vəzifəli şəxslərin işi məhkəməyə göndərildi

Vəzifəli şəxslərin işi məhkəməyə göndərildi

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru və digər vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən İntiqam Abışovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.

İstintaq zamanı İ. Abışovun həmin vəzifədə işləyərkən mərkəzin baş mühasibi Lalə Baxışova ilə əlbir olaraq əmək funksiyalarını yerinə yetirməyən işçilərin maaş kartlarını ələ keçirməsinə, habelə bir neçə MMC-nin faktiki rəhbəri olan Hüseynqulu Mənsimov ilə əlbir olaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini Mərkəzin hesabından həmin cəmiyyətlərin hesablarına imzaladıqları saxta sənədlər əsasında köçürülmələrinə, bu yolla da külli miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İ. Abışovun qeyd olunan şəxslərlə birlikdə müxtəlif qanunsuz üsullarla ona etibar edilən əmlakı təkrarən mənimsəməsi, cinayət yolu ilə əldə etdiyi pul vəsaitini leqallaşdırması, külli miqdarda rüşvət alma və digər cinayət əməllərini törətməsi də müəyyən edilib.

İntiqam Abışov, Lalə Baxışova və Hüseynqulu Mənsimov Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilikdə), 179.3.2 (mənimsəmə və ya israf etmə- külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.3 (rüşvət alma- külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq olaraq həbs, polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Həmçinin, iş üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş pul ilə alınmış və qəsdən ailə üzvünün adına sənədləşdirilmiş əmlaklar üzərinə həbs qoyulub.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
XƏBƏRLƏR
BLOGLAR
X