Sənət 15:45 02.10.2014

Azərbaycanda xəzinə tapıldı - VİDEO

Biləsuvar rayonunda 200 ildən çox tarixi olan dini və tarixi-fəlsəfi mövzulardan bəhs edən kitablar qorunur.

ANS PRESS-in verdiyi məlumata görə, kitablar rayonun Bəydili kəndində yaşayan Məmmədovlar ailəsində saxlanılır.

Müxtəlif ölçülərdə olan qədim kitabların ümumi sayı 50-yə çatır. Ailə başçısı Kamal Məmmədovun sözlərinə görə, bu kitablar ona babası Mirzə Cəfərdən qalıb. Müxtəlif tarixi mənbələrdə Mirzə Cəfər Lənkəraninin üləma dini rütbəli tanınmış din xadimi olmasına rast gəlinir.

25 il İraqın Nəcəf şəhərində dini təhsil alan Mirzə Cəfər elə bu kitabları da təhsil aldığı müddətdə əldə edib. Daha sonra isə doğulduğu Lerik rayonunun Kəlvəc kəndinə qayıdan din alimi, orada geniş maarifçilik işilə məşğul olmağa başlayır.

30-cu illərdə İranla sərhədyanı ərazilərdə yaşayan bir çox sakinlər kimi Məmmədovlar ailəsi də Lerik rayonunun Kəlvəc kəndindən Biləsuvar rayonuna köçürülür. Lakin bu zaman ailə bu kitabları da qiymətli əşya kimi özlərilə götürməyi unutmurlar.

Sovet imperiyasının Ateizm ideologiyasının hökmranlıq etdiyi dövrdə ailə bu qiymətli kitabları müxtəlif çətinliklərlə gizlincə qoruyub saxlaya bilib. Dəfələrlə müxtəlif şəxslər kitabları yüksək məbləğli pul müqabilində almaq istəsələr də, ailə təklifi qəbul etməyib. Hazırda isə müxtəlif tarixi və dini sirləri özündə saxlayan 50-dən yuxarı kitabın ciddi tədqiq olunmasına ehtiyac var.

Qaynar.info