Video 19:16 14.08.2020

Azərbaycanda yol çökür - 15 ev təhlükə qarşısında (VİDEO)

Ağstafa rayonunun Köçəskər kəndində Acı Dərə deyilən ərazidə kənd sakinləri real təhlükə qarşısında qalıb.

Qaynarinfo-nun baku.ws-ə istinadən verdiyi məlumata görə, ərazidə torpaq sürüşməsi başlayıb. Artıq 15 evin yerləşdiyi sahə təhlükəli əraziyə çevrilib.

Təxminən 4 ev tamamilə uçmaq təhlükəsi ilə üz-üzədir. Üstəlik yaranan vəziyyət uzun müddətdir davam edir. İlkin məlumata görə, buna səbəb əraziyə qrunt və sel sularının axması olub.

Kənd sakinləri tərəfindən bölgə müxbirimizə göndərilən videoda da təhlükənin əhəmiyyəti daha aydın görünür.

Məsələyə münasibət bildirən rayon İcra Hakimiyyəti Aparatının baş memarı Sənan Mustafayevin sözlərinə görə, vəziyyətlə bağlı aidiyyəti qrumlara məlumat verilib.

"Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhimdar Cəmiyyətinə məlumat verilib. Artıq layihələndirmə işləri aparılır. Ümid edirik ki, yaxın müddətdə problemin həlli ilə bağlı tədbirlər görüləcək.

Bəli sakinlər haqlıdır. Vəziyyət təhlükəli həddədir. Ərazidən qaz, elektrik xəttləri keçir. Təhlükəli ərazi təxminən 500 metrdir.

Yarğanın hündürlüyü bəzi yerlərdə 10 metrə çatıb. Bəzi yerlərdə isə 7-8 metrdir", - deyə baş memar bildirib.