Siyasət 18:26 01.08.2014

Azərbaycanda yüksək vəzifəlilər arasında xarici kəşfiyyata işləyənlər var

İlham İsmayıl: “SSRİ dövründə Azərbaycanda təhsil almış Afrika ölkələrindən olan tələbələri perspektivdə prezident də ediblər...”

Türkiyə üzərində xarici ölkələrin kəşfiyyat xidmətlərinin təsiri ilə bağlı növbəti qalmaqallı iddia ortaya atılıb. Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Antiterror Mərkəzinin sabiq rəisi Məmməd Eymür son 50 il ərzində ölkənin idarə olunmasında xarici kəşfiyyatın rolu ilə bağlı qalmaqallı açıqlamalar verib. 

Publika.az-ın məlumatına görə, M.Eymür deyib ki, hazırda xarici dövlətlərin kəşfiyyatçıları Türkiyədə “at oynadır”. Onun sözlərinə görə, 1950-ci ildən bəri keçən 50 il ərzində Türkiyəni türklər idarə etməyib. Türkiyənin həssas bölgədə yerləşdiyini qeyd edən keçmiş kəşfiyyatçı başda ABŞ olmaqla, Rusiya, Almaniya, İngiltərə, İsrail və digər ölkələrin kəşfiyyatının Türkiyəni idarə edən şəxslərə də təsirinin olduğunu deyib. Hətta Türkiyəni idarə edəcək şəxslərin təyin olunmasında xarici kəşfiyyatın iştirak etdiyini bildirib: “İndi də başda ABŞ olmaqla, Rusiya, İngiltərə, İsrail və digər ölkələr bizi rahat buraxmır. Türkiyədə xarici ölkə agentləri “at oynadır”. Bu agentlər daha çox səfirliklərdə olur. Bundan əlavə, hava yolları və turizm şirkətlərində, media orqanlarında və digər sahələrdə də agentlər var. Onların çoxu Rusiyaya məxsusdur”.

 M.Eymür bildirib ki, daha əvvəl olduğu kimi indi də MİT-in içində ABŞ (MKİ), İsrail (MOSSAD) və Almaniya (BND) xüsusi xidmət orqanlarına çalışan şəxslər var: “Xarici məxfi və xüsusi xidmət orqanları MİT-in əməkdaşlarını, adətən, bu cür yollarla ələ alırlar. Məsələn, MKİ maliyyə büdcəsi olduqca böyük olan xüsusi xidmət orqanı olduğu üçün MİT-in hansısa əməkdaşının övladını öz hesabına ABŞ-da təhsil aldırır və beləliklə də, o tələbə MKİ-nin agentinə çevrilir. Əksər hallarda isə bu cür şəxslər MKİ kimi güclü bir kəşfiyyat orqanına simpatiyası olduğu üçün bu quruma könüllü çalışmağa razılıq verir. Keçmişdə buna oxşar bir hadisə baş verib. Belə ki, Sabahattin Savaşman adlı MİT agenti ABŞ-a çalışırdı. Daha sonra mənim rəhbəri olduğum qrup onu ifşa etmişdi”.

 Qeyd edək ki, M.Eymür Türkiyədə zaman-zaman kəşfiyyatla bağlı qalmaqallı iddiaları ilə gündəmə gəlib. Uzun illər MİT-də çalışmış bu şəxsin bir sıra fikirləri ciddi müzakirələrə səbəb olub. Mübahisəli sayılsa da, MİT-in keçmiş rəsmisinin bu açıqlamalarında müəyyən həqiqət payı olmamış deyil. Türkiyə kimi bölgənin əhəmiyyətli ölkəsində xarici kəşfiyyatın fəaliyyətləri ilə bağlı zaman-zaman fərqli mənbələrdən iddialar ortaya atılıb. 

Yeri gəlmişkən, bir neçə il əvvəl Qərb mediasında xarici ölkə kəşfiyyatlarının Azərbaycanda fəaliyyətinə həsr olunmuş geniş məqalə dərc olunmuşdu. Məqalədə Bakı İkinci Dünya müharibəsi zamanı Kasablanka şəhəri ilə müqayisə olunaraq kəşfiyyatın “qaynadığı” şəhər kimi təqdim edilmişdi. Azərbaycanda ABŞ, İsrail, Avropa ölkələri, Rusiya, İran və digər ölkələrin kəşfiyyatçı agentlərin fəaliyyət göstərdiyinin qeyd olunduğu məqalə həmin vaxt böyük rezonans doğurmuşdu. 

Sabiq MTN zabiti, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, kəşfiyyatın xarici ölkələrdəki fəaliyyəti bir sıra istiqamətlər üzərindən olur: “Bunun ən geniş yayılmış forması ənənəvi casusluq, xəbər toplamadır. Ancaq dövlətlərin daxili işlərinə təsir etmək artıq başqa bir fəaliyyətdir. Kəşfiyyat hər zaman var. Amma biri var, kəşfiyyat gizli şəkildə informasiya ötürür, biri də var ki, kəşfiyyat idarə edir. Yəni hökumətin özünü hansısa informasiyalara, qərarlara təsir göstərir. Bu tamam başqa bir şeydir. Casusluq fəaliyyəti kəşfiyyatın bir hissəsidir və bütün dünyada bu, bir norma kimi qəbul olunub”.  

İlham İsmayılın sözlərinə görə, kəşfiyyatın ələ aldığı adamların dövlətin mühüm nöqtələrinə yerləşdirilməsi və bununla da xarici kəşfiyyatın dövlətin işinə təsir etməsi təcrübəsi mövcuddur. Azərbaycanda da bunun mümkün olduğunu qeyd edən sabiq təhlükəsizlik zabiti belə adamları müşahidə etməyin mümkün olduğunu deyir: “Xarici kəşfiyyatın ələ aldığı adamlar dövlətin hansısa yüksək postlarına yerləşdirilir və ya bu postlarda olanlar müxtəlif vasitələrlə ələ alınaraq onlar vasitəsilə dövlətin idarə olunmasına təsir edirlər. Azərbaycanda da bu mümkündür və onun işartıları hiss olunur. Mən konkret ad çəkmirəm. Ancaq kimsə hansısa dövlətin maraqlarına uyğun addımlar atanda, qərarlar qəbul edəndə və danışanda hiss edirsən ki, bu adam elə belə yox, müəyyən bir xətlə gəlib buralara çıxıb. Və burda hansısa ölkənin xəttini aparır. Hətta sovet dönəmində bu üsuldan geniş şəkildə istifadə olunub. Sovet kəşfiyyatının belə deyilsə xarakterik xüsusiyyətlərindən biri də o idi ki, perspektivli gəncləri yetişdirir və onların sonradan dövlətin müəyyən strukturlarında yüksək vəzifələrə qədər gedib çıxmasına dəstək verirdi. Bir çox hallarda vəzifəli şəxslərin övladlarını “verbovat” edirdilər, kəşfiyyatla əməkdaşlığa cəlb edirdilər. Çünki aydın idi ki, vəzifəli şəxs öz övladını böyüdəcək, yaxşı universitetdə oxudacaq, sonra diplomatiya və ya dövlət idarəçiliyi xəttində işə qoyacaq və inkişaf etdirəcək. Belə şeylər olub”. 

İ.İsmayıl hesab edir ki, bu cür adamlar adətən, ifşa olunmur: “Çünki bu adamlar o dərəcədə təsirə malik olurlar ki, onların xarici kəşfiyyata bağlı olduğunu bilirlər, amma hesablaşmağa məcbur olurlar. Onlar agent hesab olunmurlar, daha çox yetişdirildikləri dövlətin maraqlarına xidmət edirlər. Türkiyə indiyədək dövlət strukturuna yerləşdirilmiş adamlar ifşa olunubmu? Xeyr. Çünki bilirlər ki, kimsə Amerika, kimsə Avropa xəttini yeridir. Kimsə solçudur və sair. Bu kimi məsələlər var. Amma həm də bu adamlarla bağlı konkret casusluq fəaliyyəti ifşa olunmayana qədər onları casus adlandırmaq mümkün deyil. Misal üçün, bu gün Qərb demokratiyasını təbliğ edən və Amerikaya simpatiyası olan adamı ABŞ casusu elan etmək olmaz, eyni zamanda sol ideyalara bağlı və Rusiyaya simpatiya bəsləyən insanları da Rusiya agenti adlandırmaq olmaz. Ancaq ümumilikdə tarix boyu bu cür ələ almalar, “verbovka” və adam yerləşdirmə, bunun vasitəsilə də dövlətə təsir etmək faktları olub və davam edir. SSRİ dövründə Azərbaycanda təhsil almış Afrika ölkələrindən olan tələbələri perspektivdə prezident də ediblər. Belə faktlar da olub. Azərbaycan kimi ölkədə də bu cür hallar mümkündür”.

Qaynar.info