İdman 12:40 07.06.2018

Azərbaycandan böyük irəliləyiş: 21 pillə yüksəldik

FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, Hesabat dövründə milli komandaların ifasında yoldaşlıq görüşləri keçirildiyindən, cədvəldə ciddi dəyişikliklər olub. Bu müddətdə Qırğızıstan üzərində qələbə qazanıb (3:0), Qazaxıstana eyni hesabla məğlub olan Azərbaycan yığması ən böyük irəliləyişə nail olub. Komandamız ötən ayla müqayisədə 21 pillə irəliləyib. Hazırda 321 xala malik komanda 105-ci pillədə qərarlaşıb. 

İyunun 9-da Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək Latviya 10 pillə irəliləyib. Bu komandanın 230 xalla 129-cu pillədədi. Yığmamızının Millətlər Liqasındakı rəqibləri də yüksəliş əldə ediblər. 3 pillə irəliləyən Farer adaları millisi 376 xalla 90-cı, 11 pillə irəliləyən Kosovo 197 xalla 141-ci, 1 pillə irəliləyən Malta 65 xalla 184-cü yerdədir 

Dünyanın ən güclü 10 komandasının siyahısında cəmi bir dəyişiklik baş verib. Ötən ay 8-ci yerdə qərarlaşan İspaniya ilə 10-ci sıranın sahibi Polşa yerlərini dəyişiblər. Siyahıya 1558 xala malik Almaniya başçılıq edir. 1431 xala malik Braziliya 2-ci, 1298 xalı olan Belçika 3-cüdü. İlk "onluq"da həmçinin Portuqaliya, Argentina, İsveçrə, Fransa, Polşa, Çili və İspaniya da yer alıb.

Qeyd edək ki, 1 pillə geriləyən Türkiyə 706 xalla 38-ci, 4 pillə geriləyən Rusiya 457 xalla 70-ci mövqeyə enib.