Siyasət 13:02 28.11.2022

Azərbaycandan Rusiyaya "Dağlıq Qarabağ" ifadəsinə görə növbəti xəbərdarlıq - Vəziyyət gərginləşə bilərmi?  (ŞƏRH)

Rusiya Müdafiə Nazirliyi Azərbaycana qarşı sayğısız münasibət göstərməkdə davam edir. Bu qurum dəfələrlə edilən etirazlara baxmayaraq, Azərbaycanın Ağdərə və Xocavənd adlanan ərazilərini yenə də öz xislətinə uyğun olaraq "Mardakert” və "Martuni” kimi təqdim edir. Eyni zamanda, Qarabağ iqtisadi rayonunu "Dağlıq Qarabağ ərazisi” kimi qeyd edir. 

Rusiya 44 günlük müharibədən sonra bölgədə vəziyyətin dəyişdiyini bilə-bilə, qanunauyğunluğa və yeni situasiyaya uyğun addım atmaq əvəzinə, hələ də prosesə 1991-ci ilin xəritəsinə istinadən münasibət bildirir. Buna etiraz olaraq, Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir: "Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə bir daha çatdırırıq ki, müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarının onlara göndərilən rəsmi sənədlərdə qeyd olunan düzgün toponimlərlə ifadə edilməsi zəruridir. 27.11.2022-ci il tarixində  Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında "Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR”. 

Azərbaycanın bu yöndə çoxsaylı etirazlarına rəğmən Rusiyanın öz qeyri-obyektiv mövqeyindən geri çəkilməməsi onu göstərir ki, Moskva bölgədə yenidən vəziyyətin gərginləşməsində maraqlıdır. Onun bütün hərəkətləri məhz bundan xəbər verir.  

Qaynarinfo-ya açıqlamasında ictimai əlaqələr üzrə mütəxəssis Arif Əliyev bildirir ki, Rusiyanın bu sayaq hərəkətləri Ermənistanı "yağlamaq”, başını sığallamaq məqsədi daşıyır: 
 
 

"Bu, əslində, yeni proses deyil. 2020-ci ildən bu məsələ dəfələrlə qaldırılıb. Sadəcə, indi bir qədər ön plana çıxıb. Çünki münasibətlərin daha gərgin  vaxtıdır. Ona görə də indi belə rezonans doğurub. Bir məsələni qəbul etməliyik ki,  Rusiya Müdafiə Nazirliyi siyasi təşkilat deyil. Yəni, siyasəti necə qurmağı,   toponimləri necə hallandırmağı o müəyyənləşdirmir. Onlar sadəcə həbi məsələlərə, sülhməramlıların fəaliyyətinə cavab verirlər. Əslində, məsələnin müzakirə olunmalı olduğu təşkilat Rusiyanın siyasi rəhbərliyidir. Oradan hansı siqnal gəlsə, Müdafiə Nazirliyi, digər qurumlar da ona uyğun hərəkət edəcəklər. İndiki şəraitdə məsələnin Rusiya tərəfindən belə qabardılması Ermənistanı şirnikləndirmək xarakteri daşıyır. Son zamanlar Moskva ilə İrəvan arasında ciddi problemlər önə çıxmaqdadır. Paşinyan hətta Rusiyanın müdafiə missiyasını Parislə  əvəzləmək fikrindədir. KTMT-nin son iclasında da Ermənistan demarşlar etdi.   Bütün bunlar onu göstərir ki, Ermənistanda Rusiyanın mövqeyindən ciddi narazılıqlar var. Belə şəraitdə Rusiyanın bu sayaq açıqlamaları Ermənistanın başını  sığallamağa hesablanmış addımdır”. 

Rüfət Sultan