Ölkə 09:14 08.09.2017

Azərbaycanın bu ərazilərində sürüşmə sahələri aktivləşdi

Avqust ayı ərzində Azərbaycanın bəzi ərazilərində sürüşmə sahələri aktivləşib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O qeyd edib ki, avqust ayı ərzində aparılan monitorinqlərin nəticələrinə görə, Bakıdakı Zığ-1 sürüşmə ərazisində lokal sahələrdə texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib. Bundan başqa, Masazır qəsəbəsində - "Zəli gölü" adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Ə.Qaralov bildirib ki, Şuşa şəhərciyi subasma sahəsində prosesin dinamikasında stabillik qeydə alınıb. Daş karxanası yaşayış massivində, Qala qəsəbəsində subasma prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Ə.Qaralov deyib ki, Lənkəran rayonunun Horavenç, Masallı rayonunun Güllütəpə, Zuvand, Cəlilabad rayonunun Sadatlı, Çinar sürüşmə sahələrində prosesin dinamikasında aktivləşmə qeydə alınıb, Çinar sürüşmə sahəsinin parametrlərində cüzi artım baş verib.

Ekspedisiya rəisinin sözlərinə görə, Masallı rayonunun Qodman çökmə-oturma sahəsində 2015-ci ildə qeydə alınmış prosesin təzahürlərinin araşdırılması üçün sahədə dəqiq hidrogeoloji və mühəndis geoloji tədqiqatların aparılmasına başlanılıb.

Qaynarinfo.Az