Sənət 15:39 15.07.2014

Azərbaycanın ən yaxşı internet radiosu 3 yaşında - "Gənclərin səsi"


İyulun 15-də “Gənclərin Səsi” İnternet Radiosu (http://gsr.fm) fəaliyyətinin 3-cü ildönümünü qeyd edir. Peşəkar media standartlarını əsas hədəf seçmiş müstəqil media qurumu 3 il əvvəl çox kiçik resurslarla fəaliyyətə başlamış olsa da ötən müddət ərzində böyük uğurlara imza atıb və bugün Azərbaycan media qurumları içində öz yerini tutub.


Üç il öncə həftədə 45 dəqiqəlik yayım vaxtı ilə işə başlamış radio hazırda 7 gün 24 saat fasiləsiz yayımlanır.

Öz yayım strategiyasında birbaşa gənclərdə dair məsələlərlə yanaşı ölkə gündəminə təsir edən sosial-ictimai və iqtisadi mövzuların araşdırılmasına, debatlara, müxtəlif reportajlara yer verir.

Hazırda GSR.FM tam olaraq Multimedia imkanlarını əhatə edir. Belə ki, dinləyiclər artıq radioya qulaq asmaqla yanaşı müxtəlif vacib xəbərləri oxuya, video sujetləri izləyə bilirlər. 

“Gənclərin Səsi” İnternet radiosu eyni zamanda Azərbaycan peşəkar jurnalistikasının inkişafına tövhə vermək üçün çalışır. Radionun nəznində fəaliyyət göstərən jurnalistlər üçün təcrübə proqramı  ödənişsiz olaraq gələcəyini peşəkar jurnalistikada görən gənclərə təlim və təcrübə keçmək şansı yaradır.

Təcrübə proqramını uğurla bitirən 100-ə yaxın gənc hazırda  ölkənin müxtəlif media qurumlarında, həmçinin reklam və piar şirkətlərində peşəkar fəaliyyətlərini davam etdirir.

Gənc və peşəkar komandanın növbəti hədəfi isə tezliklə FM tezliyi üçün lisenziya əldə edərək qeyri-İnternet auditoriyasına da səsini çatdırmaqdır.

GSR.FM fəaliyyətinin 3- cü il dönümü münasibəti ilə dinləyicilərini, oxucularını, tamaşaçılarını təbrik edir.

Qaynar.info