Sənət 18:38 07.04.2015

Azərbaycanın ilk satirik jurnalı: “Molla Nəsrəddin”-109

Bu gün Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”nin yaranmasından 109 il ötür. Jurnalın ilk sayı 7 aprel 1906-cı ildə, Tiflisdə çapdan çıxıb. 

Jurnalın redaktoru böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə idi. O, bir vətəndaş kimi bütün həyatını vətəninin, xalqının azadlığına həsr etmişdi. Yaradıcısı olduğu “Molla Nəsrəddin” jurnalında dövrünün bəlalarını sadə xalq dilində, düşündürücü, gülüş doğuran ifadələrlə əks etdirirdi. 

Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur. “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də, Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” adı ilə məşhur oldu. Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhman bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkmiş rəssam Şmerlinq, Rotter, Əzimzadə və digərləri ilə Cəlil Məmmədquluzadə arasında möhkəm ideya-yaradıcılıq əlaqələri yarandı. 

Jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır. "Molla Nəsrəddin"i dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düşündürürdü. Bu dərdlər içərisində dini-fanatizm daha dəhşətlisi idi. 

Bu fikrini xalqa çatdırmaq üçün C.Məmmədquluzadə "Molla Nəsrəddin"in birinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etdirmişdir. Sayın ikinci səhifəsini "Sizi deyib gəlmişəm" məqaləsi bəzəyir. Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü, "Dəllək" hekayəsi, "Lisan" bəlası felyetonu və dörd karikatura çap olunmuşdur. 

"Molla Nəsrəddin"in tarixi mübarizəsinin böyüklüyü onda idi ki, onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə qarşı çevrilmiş bu amansız qəzəb və nifrətinin arxasında vətənə və xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı. Bu, vətəni və xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək,onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq arzusu ilə çırpınan ürək idi.

Jurnalda təbliğ olunan dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Molla Nəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat məktəbi yaratdılar. Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində də abunəçiləri var idi. 

Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərdi. “Molla Nəsrəddin” jurnalı doğma dilimizi yad sözlərlə zəhərləyənləri,onu zorla xarici dillərlə əvəz etməyə çalışanları həmişə tənqid edib. 

Həmçinin jurnal qadin azadlığı məsələlərinə də xüsusi fikir verir, qadınların müdafiəçisi kimi çıxış edir, qızların təhsili qayğısına qalırdı.

Qaynar.info