Siyasət 09:27 12.03.2020

Azərbaycanın ilk xanım spikerindən açıqlama

Bu şərəfli və məsuliyyətli vəzifəyə layiq gördüklərinə, yüksək etimada görə bir daha Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və partiya həmfikirlərimə, dəstək verən həmkarlarıma sonsuz minnətdarlığımı bildirirəm. Əmin etmək istəyirəm ki, parlamentin sədri kimi öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığımı sərf edəcəyəm.

Qaynarinfo xəbər verir ki, bu sözləri ötən gün Milli Məclisin ilk toplantısında MM sədri seçilən və beləliklə, müstəqil Azərbaycanın ən yeni tarixinə ilk xanım spiker kimi daxil olan Sahibə Qafarova sosial şəbəkə hesabında qeyd edib.

"Şübhə yoxdur ki, Azərbaycan Respublikasının Milli Məclisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin parlamentin iclasında dərin məzmunlu çıxışında irəli sürdüyü dəyərli tövsiyələrini öz fəaliyyətinin əsas cəhətlərini müəyyənləşdirən yol xəritəsi kimi qəbul edərək bundan sonra da dövlətimizin başçısının rəhbərliyi altında reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edəcək, ölkəmizdə geniş vüsət alan quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirmək istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, respublikamızın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək. Eyni zamanda, parlamentimiz dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə dəstək verəcək, beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına diqqəti daha da artıracaq”, - Qafarova qeyd edib.

Sonda S.Qafarova həmkarlarını təbrik edib və hər birinə uğurlar arzulayıb.