Azərbaycanın “Kiçik Maqnus”u: Ona Kasparovun taleyini yaşatmaq istəyir (Foto/Video)

Azərbaycanın “Kiçik Maqnus”u: Ona Kasparovun taleyini yaşatmaq istəyir (Foto/Video)

Balaca Ziyanı şəhərdə kafelərin birində keçirilən həvəskar şahmat yarışlarında tanımışam. Əvvəlcə iştirakçılar arasında ən balacası olması ilə diqqət çəkən 7 yaşlı oğlan daha sonra istedadı ilə özünə cəlb etdi. 

“Camaatın uşaqları”ndan olan Ziya birinci sinif şagirdidir. Necə deyərlər “Bapbalaca boyu var, dam dolusu toyu var”. Belə ki, Ziya bu il Ruminyada keçirilən şahmat üzrə məktəblərarası Dünya çempionatında 2-ci yeri tutub. Bu onun ilk beynəlxalq uğuru deyil. Kiçik şahmatçımız keçən il şahmat üzrə məktəblərarası Avropa çempionatının qalibi olub. Beləliklə, o, Beynəlxalq Şahmat Federasiyasının “Candidate Master” tituluna layiq görülüb. 

Qeyd edim ki, Ziya yaşıdları arasında Avropa üzrə bu titula sahib 7 nəfərdən biri, Azərbaycanda isə yeganə şahmatçıdır.


Yarışlara dostu adlandırdığı atası ilə qatılır. Elə şahmata da onu yönəldən atası Orxan bəy olub. Orxan bəydən Ziyanın şahmatla tanışlığı barədə soruşduqda “Qohumumuz qrossmeyster Aynur Sofiyevadan sonra qərara gəldim ki, uşaqları şahmata yönəldim. Böyük oğlumu şahmata qoydum, amma aildə nənə, baba buna qarşı çıxırdı. Oğlum istedadlı olsa da, bu cür həvəsdən salmalardan sonra şahmatı buraxdı. Ziya isə əvvəlcə qardaşından öyrəndi, sonra isə onu udmağa başladı. Elə onda evdəkilərə dedim ki, bu dəfə qarışmayın, Ziya şahmat oynayacaq” deyir.

3 yaşından şahmata başlayan Ziya gün ərzində 4-5 saat zəka oyunu ilə məşğul olur. Bununla belə, Ziya üzgüçülük və futbolla da məşğuldur. Bu körpə öz istedadını futbolda da göstərib. Orxan bəy deyir ki, futbol müəllimi istedadlı olduğu üçün Ziyanın tamamilə bu sahəyə yönəldilməsini istəyib, amma o, şahmatı daha üstün tutub. 

Qazandığı naliyyətlərin onun xasiyyətinə təsir edib-etmədiyini soruşduqda isə Orxan bəy maraqlı cavab verdi: "Ziyanın özündən razılığı var, amma bu yarışlardan əvvəl də vardı. Özünə çox güvənir, həmişə “görərsən udub gələcəm” deyir. Bir də haqqını tələb edəndir. Keçən yarışların birində özündən böyük yarışçı ilə oynayırdı. Hakim bütün iştirakçılardan daşların geri qaytarılmasını tələb edib, amma rəqib buna məhəl qoymadan oynayıb. Bir neçə gedişdən sonra Ziya üstünlük əldə edib. Buna görə də rəqib daşları hakimin dediyi kimi geri qaytarmağa cəhd edib. Bu isə Ziyanı geri salıb. Bir də gördüm Ziya əsəbi gəlir. Məndən aydınlaşdırmağımı istədi, dedim ki, bu sənin oyunundu, get öz haqqını tələb et. Beləliklə, Ziya hakimlərə yaxınlaşıb vəziyyəti danışdı. Nəticədə başqa otaqda Ziya və rəqibi arasında oyunu yenidən keçirdilər. Oğlum qalib gəldi".


Özünə inamı tam olan Ziya sevimli şahmatçısı qrossmeyster Maqnus Karlseni cəmi 5 ildən sonra, elə Maqnusun Kasparova qalib gəldiyi yaşda udmağı artıq qarşısına məqsəd qoyub.  

Ziya ilə söhbət edərkən onun davranışlarını, danışıq tərzini sevməmək olmur. Məntiqli və səlis cavabları ilə müsahibinə azyaşlı olduğunu unutdurur. Ən sevdiyi fənni soruşduqda isə "ingilis dili" cavabını verən "Kiçik Maqnus” Azərbaycan dili dərsini sevmədiyini bildirdi. Səbəbini soruşduqda isə “quş şəklini görtərib soruşurlar ki, bu nədir, quş deyirsən vəssalam” deyən Ziya ana dilinin tədris olunma formasından şikayətlənir.

Yarışlarda iştirak etdiyi zaman dərslərindən geri qalması ilə bağlı məsələyə toxunan atası Orxan bəy deyir ki, turnirlərdən sonra müəllimi onunla fərdi şəkildə məşğul olur: "Yarışlara qatıldıqdan sonra müəllimi Ziya ilə fərdi məşğul olur deyə dərs proqramından geri qalmır. Hələki 1-ci sinifdir, elə də çətin olmur. Həm də təhsilinə fikir verirəm, oxuması vacibdir”.


Bəs Ziyanın turnirlərə qatılmasına hər hansı bir dəstək varmı? Orxan bəy deyir ki, bütün xərcləri özü ödəməli olur: “Təəssüf ki, heç bir kömək yoxdur. Qatıldığı yarışlarda xərcləri özüm çəkmişəm. Təkcə Ruminyada keçirilən yarışda Ziyanın qalmaq xərclərini təşkilatçılar öz üzərlərinə götürdü. Mən yalnız yol xərclərini ödədim, amma yenə də 4000 manat xərc çəkməli oldum. Uğurları artdıqca daha çox beynəlxalq yarışlarda iştirak etməyə başlayır, bu da mənim büdcəmə təsir edir. Buna görə artıq sponsora ehtiyacımız var. Ümumiyyətlə bu cür yarışlarda iştirak etməsi də vacibdir. Çünki, Bakıda keçirilən daxili yarışlarda həmişə eyni uşaqlar olur, bu isə onu inkişaf etdirmir. İnkişaf etmək üçün daha güclü rəqiblər tanımalıdı".

Qeyd edim ki, Ziya hazırda Monteneqroda keçirilən şahmat üzrə məktəblərarası Avropa çempionatında iştirak edir. “Kiçik Maqnus”a uğurlar arzulayırıq...

Elnurə Abbasova
Qaynarinfo.Az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR