Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov koronavirus xəstəliyi keçirib.
Bu barədə "Report"a 32 yaşlı idmançının özü məlumat verib. Hazırda Rusiyada Dağıstan Respublikasının paytaxtı Mahaçqalada olan titullu pəhləvan ailə üzvlərinun də pandemiyadan əziyyət çəkdiyini bildirib. O, artıq hər şeyin qaydasında olduğunu açıqlayıb: "Özüm də bu virusa yoluxmuşdum. Bütün ailəmiz - mən, həyat yoldaşım, anam, atam bacım xəstələndi. Sanki hamı bir-birinə ötürdü. Bu, adi qrip deyil, təhlükəli virusdur. Hətta anam ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, mayın 19-da evə buraxıldı. Anamdan fərqli, mən xəstəliyi yüngül formada keçirdim. Sadəcə, qızdırma və ağrılarım var idi".
Artıq bir həftədir sağaldığını deyən Şərifov hazırda özünü yaxşı hiss etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Şərif Şərifov 2011-ci ildə dünya, 2012-ci ildə olimpiya (hər ikisi 84 kq), 2019-cu ildə isə Avropa çempionu (92 kq) olub. O, ötən il Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında (97 kq) gümüş medal və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Şərhlər