Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi

Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi

Mayın 19-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyətini qəbul edib.

AQTA-dan Qaynarinfo-ya verilən məlumata görə,"Rosselxoznadzor"un Moskva şəhəri və müvafiq vilayətləri üzrə Dövlət Fitosanitar Nəzarəti şöbəsinin müdir müavini Sergey Aleksandroviç, Dövlət Sərhədində Karantin Fitosanitar Nəzarəti İdarəsinin baş dövlət müfəttişi Olga Sergeevna, müvafiq bölgələr üzrə Bitki karantininə nəzarət şöbəsinin müdiri Yulia Viktorovna və Bitki karantini, toxum istehsalı və taxıl təhlükəsizliyi sahəsində nəzarət şöbəsinin müdiri İrina Alekseevnanın daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında bitki sağlamlığı sahələrində əməkdaşlığın perspektivləri və Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər müzakirə olunub. AQTA sədri son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bitki sağlamlığının təmin olunması ilə bağlı görülən işlər haqqında qonaqları məlumatlandırıb.

Görüşdə Rusiya Federasiyasına pomidor ixracı zamanı notifikasiya verilmiş müəssisələr və hazırda bu təsərrüfatlarda həyata keçirilən tədbirlər, birgə videomonitorinqlər keçirilmiş müəssisələrlə bağlı mövcud vəziyyət, bitki mühafizəsinin təmin olunması sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə birgə təlimlərin təşkili və digər məsələlər diqqətə çatdırılıb.

Səmimi qəbula görə təşəkkür edən nümayəndə heyətinin üzvləri iki ölkə arasında bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
X
XƏBƏRLƏR
BLOGLAR