Ölkə 23:10 25.01.2018

Azərbaycanlı deputat Avropa Şurasının komissarını tənqid etdi

AŞPA-nın sessiyası çərçivəsində qurumun hazırkı komissarı Nils Muiznieksin illik hesabatı dinlənilib. Hesabatdan sonra parlamentarilər ona suallarla müraciət ediblər.

Assambleyanın hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavini Vüsal Hüseynov komissara belə bir sualla müraciət edib:

"Sizin illik hesabatlar insan hüquqlarının müdafiəsində əhəmiyyətli alətlərdən biri sayılır. Ancaq sizin hesabatlarda istinad etdiyiniz mənbələrin neytrallığı və fəaliyyətinizin obyektivliyi bir sıra üzv dövlətlərdə müzakirə mövzusudur. Misal üçün, Azərbaycanda səsləndirilən tənqidlərdən biri ondan ibarətdir ki, siz fərdi şəxslərin siyasi hüquqlarına daha çox üstünlük verirsiniz, nəinki qrup şəxslərin fundamental hüquqlarına. Qrup şəxsləri dedikdə Azərbaycanın işğal edilmiş ərazilərindən qovulmuş qaçqın və məcburi köçkünləri nəzərdə tuturam. Çox təəccübləndim ki, siz həmkarımın sualına cavabınızda bu fikri təsdiq etdiniz. Sizin xələfinizə tövsiyəniz nə olar ki, gələcəkdə bu cür narahatlıqlar onun fəaliyyətini əhatə etməsin?”

Nils Muiznieks suala cavabında onu məhz fərdi siyasi hüquqların maraqlandırdığını bildirib. Komissar fərdi hüquqların onun üçün prioritet olduğunu vurğulayaraq, xələfinə də fərdi siyasi hüquqlara prioritet verməsini tövsiyə edəcəyini bildirib. (AzərTAc)