Hüseynbala Səlimov
Ölkə 20:05 25.06.2014

Azərbaycanlı deputat avropalıları lənətlədi

Hüseynbala Mirələmov: “O alçaqları lənətləyirəm, pisləyirəm”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsinə sədrlik etməsi ilə əlaqədar ölkə başçısı İlham Əliyevin iyunun 24-də AŞ Parlament Assambleyasında çıxışı zamanı təxribata cəhd olunmasına münasibət bildirib. 

YAP-çı deputat H.Mirələmov Publika.az-a açıqlamasında “Sərhədsiz Reportyorlar” təşkilatının bu hərəkətini sərt şəkildə pisləyib: “O alçaqları lənətləyirəm, pisləyirəm. Onlar Azərbaycanı sevməyən adamlardır. Onların qəlbində də başqa ambisiyalar var. Mən o adamlara da məsləhət görürəm ki, aktyorluq etməsinlər. Siyasət meydanında aktyorluq etmək olmaz. Əgər onlar aktyor olmaq istəyirsə, o zaman gəlsinlər bizim Milli Dram Teatrına. Çünki Dram teatrı qəzetdə elan verib ki, professional aktyor axtarırlar. Onlar da gəlib burada sınaqdan keçsinlər. Yoxsa ki, siyasi səhnədə aktyorluq yaramır”. 

Deputat Avropanın bəzi beynəlxalq təşkilat adamlarını da Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsinə görə tənqid edib: 

“Avropa da elə bilir ki, biz ömrümüz boyu onlardan öyrənməliyik. Ancaq onlar tarixi yaxşı bilmir. Avropalılar yaxşı bilməlidir ki, tarixən də Şərq Avropaya, Qərbə nümunə olub. Bu gün də Avropa Şərqin mədəniyyətini və elmini tətbiq edir. Avropalılar səhv yoldadır. Onlar yuxudan ayılmalıdır və Azərbaycanın inkişafını görüb bizdən nə isə öyrənməlidir. Mən təklif edirəm ki, Avropalılar gəlib Azərbaycandan, bizim prezidentimizdən yaxşı məsələləri öyrənsinlər. Onlar Azərbaycan mədəniyyətini, tarixini öyrənsələr, bu, onları inkişafa apara bilər”.