İdman 15:22 04.11.2013

Azərbaycanlı dünya çempionu: "Dünya rekordlarını təzələmək istəyirəm" - MÜSAHİBƏ


Günel Talıbova: Las-Veqasdakı yarışdan sonra haqqımda Amerikanın tanınmış «bodybuilding.com saytı geniş yazı dərc edib...

Qaynar.info
Moskva şəhərində yaşayan həmyerlimiz, beynəlxalq dərəcəli idman ustası Günel Talıbova ilə müsahibəni təqdim edir.
Xatırladaq ki, pauerliftinq idman növü üzrə dəfələrlə respublika çempionu adına yiyələnmiş, iki dəfə Avropa, iki dəfə dünya çempionatının mütləq qalibi olmuş Günel Talıbova yüksək rekodlara imza atmış idmançılardan biri kimi tanınır.

- Maraqlıdır, idmana gəlişinizə qədər hansı peşənin sahibi olmusuz?


- 1982-ci ildə Bakı şəhərində anadan olmuşam. Binəqədi rayonunda yerləşən, Milli Qəhrəman Elşad Həmidovun adını daşıyan 267 saylı orta məktəbi bitirmişəm. Sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil almışam. Universiteti bitirdikdən sonra Asəf Zeynallı adına musiqi kollecinin «Vokal» fakültəsinin «opera-kamera» şöbəsində təhsilimi davam etdirmişəm. Konservatoriyaya hazırlaşdığım ərəfədə diqqətimi heç zaman məşğul olmadığım bir idman növü – pauerliftinq idman növü çəkdi. Bir neçə peşənin sahibi olsam da, illərlə həmin sahələrdə təhsil alsam da, özümü məhz bu idman növündə tapdım.

- Həm şərşünaslıq, həm də vokal üzrə təhsil alsanız da, həyatınızı idmana bağlamısız. Niyə cüdo, futbol, boks və ya başqa idman növünü yox, məhz ağır atletikanı seçdiniz?

- Pauerliftinq idman növünə gələnədək yüngül atletika, üzgüçülük, böyük tennis və sair idman növləri ilə məşğul olmuşam. Amma heç bir idman növü ilə professional səviyyədə məşğul olmamışam. Bir də nəzərə almaq lazımdır ki, pauerliftinq ilə istənilən yaşda məşğul olmaq olar. Yəni bu idman növü ilə məşğul olmaq üçün konkret yaş həddi yoxdur. Təhsilimi bitirdikdən sonra bu idman növü ilə məşğul olmağa başladım. Az vaxt ərzində yüksək nailiyyətlər əldə etdim. Ona görə ki, mən ambisiyalı və məqsədimə can atan insanam. Pauerliftinq həqiqətən çətin idman növü olsa da, mənim üçün aşılmayan zirvə yoxdur. İstəyim varsa, məqsədimə çatıram.

- Hazırda nə işlə məşğulsunuz?

- Hazırda Moskva şəhərində yaşayıram və məşqçi kimi fəaliyyət göstərirəm. Eyni zamanda, yarışlarda iştirak etmək üçün məşqlərimə də vaxt ayırıram.

- Niyə Moskva şəhərində çalışmaq qərarına gəldiniz?

- Moskva şəhərində yarışa getmişdim. Birinci yerin qalibi olduqdan sonra mənə orada qalıb çalışmaq təklifi gəldi. Bir müddət düşündükdən sonra getməyi qərara aldım. Moskvada yaşayıb-çalışsam da, bütün iştirak etdiyim yarışlarda Azərbaycanı, doğma vətənimizi təmsil edir, bayrağımızın ön sırada dalğalanmasına çalışıram.


- Həm məşqçi kimi çalışır, həm də yarışlara çıxmaq üçün məşqlərinizi davam etdirirsiniz. Bu Sizə çətinlik yaratmır ki?


- Mən fərdi məşqçi kimi çalışıram. Təbii ki, məşqlərimə az zamanım qalır. Digər tərəfdən, çalışdığım yerdə yarışlar üçün hazırlaşmağa lazımi şərait olmadığından bəzən zaman çatışmazlığı yaranır. Amma bu çətinlik mənim qələbə qazanmağıma əngəl ola bilməz. Bacardığım qədər balansı qorumağa çalışıram. İşim karyerama, karyeram da işimə mane olmur.

- İdmançı uğur qazandıqca, böyük mükafatlar əldə edir. Hətta bir çoxları bu məqsədlə idmana gəlir. Sizin məqsədiniz nədir?


- Mənim idmanda əsas məqsədim özümdən sonra bir iz, bir çığır qoymaqdır. Ən əsası, bütün dünya rekordlarını bacardığım qədər təzələmək istəyirəm.

- Bu günə qədər pauerliftinq üzrə hansı uğur və mükafatları almısınız?


- Dəfələrlə pauerliftinq üzrə Azərbaycan çempionu və rekordçusu olmuşam. Bakı şəhərində 2009-cu ildə «Qızıl Ştanqa» beynəlxalq turnirinin, 2009-cu ildə Rostovda Dünya çempionatının qalibi, 2010-cu ildə Heydər Əliyev adına dünya kubokunun qalibi, Moskva şəhərində 2010-cu ildə 5-ci Avrasiya kubokunun qalibi, 2012-ci ildə Rostov şəhərində keçirilən Avropa çempionatının mütləq qalibi, 2012-cü ildə Los-Veqasda keçirilən Dünya çempionatının mütləq qalibi olmuşam. 2013-cü ildə Portuqaliyada ikinci dəfə mütləq Avropa çempionu olmuşam. Azərbaycandan bu idman növü üzrə ilk xanım iştirakçıyam ki, Las-Veqasdakı yarışdan sonra haqqımda Amerikanın tanınmış “bodybuilding.com” saytı geniş yazı dərc edib. Eləcə də  Moskvanın bir neçə tanınmış saytlarında müsahibələrim gedib.

- Yarışlar zamanı yadınızda qalan maraqlı məqamlar olubmu?

- Düşünürəm ki, yarışlardan yadda qalan ən maraqlı məqam yerli idmançılarla tanışlıq və dostluq münasibətimdir. Getdiyim xarici ölkələrin mədəniyyəti, tarixi ilə tanış olmaq mənə maraqlıdır.

- Bildiyimə görə oktyabrın 28-də Praqa şəhərinə yarışa yollanmısız və qalib
olmusuz...


 - Bəli, oktyabr ayının 28-də Praqa şəhərinə yollandım. Orada 2013-cü ilin dünya çempionatı keçirilirdi. Əmin idim ki, mütləq dünya çempionu adını mən qazanacam. Və bununla da bütün dünya rekordlarını təzələyəcəm. Düşündüyüm kimi də oldu. Mən ikinci dəfə mütləq dünya çempionu adına layiq görüldüm.

- İdmandan başqa hansı sahələrə maraq göstərirsiniz?


- İlk növbədə heyvanlara böyük maraq və sevgi ilə yanaşıram. Bacardığım qədər onlara qayğı göstərirəm. Bəzən cibimdə son qəpiyimi verib heyvanlara yemək alıram.

- Azərbaycan idmanında hansı uğurları gözləyirsiz? İdmanımızın səviyyəsi sizi qane edirmi?


- Son illər Azərbaycan idmançıları idman sahəsində ön sıraları fəth edir. Buna yalnız sevinmək olar.

- Sonda idmançı qızlara nə tövsiyə edərdiniz?

- Düşünürəm ki, qadın, ya kişi fərq etməz – əgər idmana gəlmisənsə uğur qazanmaq üçün dayanmadan öz üzərində çalışmalısan. Yalnız o zaman qələbə sənin ola bilər.

Siyavuş ƏMİRLİ,
“Binəqədi” qəzeti