Siyasət 18:11 07.06.2013

Azərbaycanlı gənclər üçün Avropada siyasi təcrübə imkanı

Asim Mollazadə: "Avropa dillərindən ən azı birini peşəkarcasına bilən gənclər, avropalı deputatların yanında köməkçi qismində təcrübə keçə bilər"
İyunun 7-də Demokratik İslahatlar Partiyasının təşkil etdiyi "Siyasət Akademiyası 2" layihəsinə yekun vurulub.
Qaynar.info xəbər verir ki, tədbirdə Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, partiyanın Siyasi Şurasının üzvü,  Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı və kursu bitirən tələbələr iştirak ediblər.
Milli Məclisin üzvü, partiya sədri Asim Mollazadə kursu uğurla başa vuran gəncləri təbrik edib və onlara gələcək siyasi karyeralarında uğurlar arzulayıb. O, azərbaycanlı gənclərin siyasi-ictimai həyatda fəal iştirak etmələrini və düzgün qərar vermək bacarığının yaradılmasının əsas məqsəd olduğunu deyib: "Siyasətdə bir neçə məsələ var ki, əsas onlara diqqət yetirmək lazımdır. Bunlardan da ən əsası siyasətin nədən ibarət olması, onun məqsədlərini anlamaq vacibdir və ən əsası kiminsə əlində istifadə olunacaq materiala çevrilməməkdir. Öz azadlığınızı, öz qərarlarınızı hansısa biliklərə söykənərək verməyinizi arzu edirəm".
Asim  Mollazadə gələcək planlar haqqında da danışıb. O bildirib  ki, 2013-cü ilin payız aylarından çox güman yenidən bu tip layihələr davam etdiriləcək: "Bizim əsas məqsədimiz öz siyasi həyatını peşəkar müstəvidə qurmaq istəyən gənclərə kömək etməkdir. Bunun üçün biz Avropanın bir neçə partiyaları ilə danışıqlar aparmışıq. Yəni bir neçə Avropa dilini peşəkarcasına bilən gənclər, avropalı deputatların yanında köməkçi qismində təcrübə keçə bilər. Bunun üçün bayaq dediyim kimi, peşəkar Avropa dillərindən ən azı birini bilmək lazımdır. Artıq Avropanın Xalq Partiyası, Soialist və Liberal partiyalarıyla bu istiqamətdə danışıqlar aparmışıq və ümudverici cavablar verilib".
Partiya sədri bildirib ki, "Siyasət Akademiyası 2" layihəsini bitirən tələbələr avropalı deputatlar yanında təcrübə keçmək istəsələr, onlara bu istiqamətdə köməklik olacaq: "İstəyirəm ki, əsl siyasi peşəni, demokratik idarəetməni öyrənmək niyyətində olanlar Avropa siyasəti ilə yaxından, praktiki olaraq tanış olsunlar. Siyasətdə qarşısına məqsəd qoyan insan üçün bu çox  gözəl bir demokratik təcrübədir. Ümumiyyətlə, siyasi qərarlar necə qəbul olunur, onlar necə müzakirəyə çıxarılır, hansısa bir qanuna siyasi texnologiyalar baxımından necə təsir göstırilir, bütün bunları Avropadan öyrənmək mümkündür. Hər bir ölkədə siyasi mədəniyyət aşağı mərhələdən yuxarı mərhələyə doğru qalxır. Bizdə isə hamı hər şeyin yuxarıdan gəlməsinə, rəhbərlik nə deyirsə, onun olmasına öyrəşib. Əslində bütün dünyanın demokratik sistemi, aşağıdan yuxarıya qurulub. Siyasətlə məşğul olmaq istəyənlər, bələdiyyələrdən, kiçik şəhərlərdən başlamalıdırlar. Hamınıza uğurlar arzu edirəm və sizi gələcəkdə bu sistemə qoşulmağa çağırıram".
Sonda "Siyasət Akademiyası 2" layihəsini uğurla başa vuran gənclərə sertifikatlar təqdim edilib. 

Qaynar.info