Foto 14:59 27.09.2019

Azərbaycanlı ifaçılar Vyanada Milli Musiqi Günü münasibətilə konsert veriblər (FOTO/VİDEO)

Hər ilin sentyabr ayında dahi bəstəkar, musiqişünas alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Milli Musiqi Günü həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda geniş qeyd edilir.

Qaynarinfo "AZƏRTAC"a istinadən xəbər verir ki, bu münasibətlə sentyabrın 26-da Vyanada Azərbaycan klassik musiqi axşamı keçirilib.

Tədbirdə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova hər il Azərbaycanda geniş qeyd olunan Milli Musiqi Günü və bu günün birbaşa əlaqədar olduğu ölməz bəstəkar Üzeyir Hacıbəyli haqqında qonaqlara geniş məlumat verib.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən, məhz dahi bəstəkarın doğum günü hər il 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi bayram edilir.

L.Qasımova bildirib ki, dahi bəstəkarın doğum günü ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi hər il Vyanada klassik musiqi axşamları təşkil edir. Bu konsert proqramlarında Avstriya və Azərbaycan musiqiçiləri çıxış edir və Avropada təhsil alan, yaşayan gənc musiqiçilərimizə geniş yer ayrılır. Vurğulanıb ki, bu dəfə diqqət mərkəzində Avstriyada yaşayan istedadlı Manafzadələr musiqiçi ailəsi dayanır.

Konsert axşamında Manafzadələr ailəsi klassik proqramla çıxış edib. Pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də özünün bəstələdiyi "Xocalıya” əsərini məharətlə ifa edib. Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafov isə ifalarında Tofiq Quliyev, Frederik Şopen və Sergey Raxmaninovun yaradıcılığına müraciət edib. Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Avropa bəstəkarları ilə yanaşı, öz əsərlərini də səsləndirib, onun ifasında Azərbaycan xalq mahnısının fərqli aranjemanda təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertdə Turan Manafzadə və Karen Danqer-Manafzadə Azərbaycan xalq və bəstəkar mahnılarını birlikdə ifa ediblər. Konsertin zirvə nöqtəsini isə Turan və Abuzər Manafzadələrin dörd əllə piano ifaları təşkil edib. Hər üç pianoçunun birgə ifasında Avstriyanın qeyri-rəsmi himnlərindən hesab olunan "Radetski marşı” və Müslüm Maqomayevin ölməz "Azərbaycan” mahnısı tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.