Xəbər lenti

Azərbaycanlı nazir müavinin Suriya açıqlaması aranı qarışdırdı - rəylər
Ölkə 09:29 17.02.2016

Azərbaycanlı nazir müavinin Suriya açıqlaması aranı qarışdırdı - rəylər

Ərdoğanın Bakı səfəri ərəfəsində şok olay; Araz Əzimovun Bəşər Əsədi dəstəkləməsini müxalifət “Türkiyəyə və sivil dünyaya qarşı xəyanət” kimi qiymətləndirir, onun istefası tələbləri səsləndi; iqtidaryönlü deputat nazir müavinini müdafiə etdi... 

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bugünlərdə Vyanaya səfər edib. Diplomat ATƏT-in Daimi Şurasının toplantısında iştirak edib və daha sonra Avstriya-Azərbaycan münasibətlərinə dair rəsmi görüşlər keçirib. Əzimov səfər çərçivəsində Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə müsahibə də verib. 

“Azərbaycan Suriya müharibəsində kimin tərəfindədir” sualına cavabında Əzimov Türkiyənin yox, məhz Rusiya və İranın mövqeyi ilə səsləşən şok effektli fikirlər söyləyib. O, Bəşər Əsəd və onun ordusunu Suriyanın  təhlükəsizliyinin qarantı adlandırıb: “Biz Suriyada koalisiyaların qarşıdurmasının şahidi oluruq. İslam dünyasının bir hissəsi və region ölkəsi olaraq baş verənlərdən narahatıq. 

Biz islam dünyasında şiələrlə sünnülər arasında dərinləşməkdə olan parçalanmalardan da narahatlıq keçiririk. Azərbaycan tolerant ölkədir, bizdə bütün dinlər bir yerdə problemsiz yaşayır. Suriyada 200-300 azərbaycanlı döyüşür. Rusiyanın və digərlərinin hava zərbələri o qədər də effektiv deyil, həm də baha başa gəlir. Yerüstü qüvvələr yeritmək isə riskli olardı və çoxlu itkilər hesabına başa gələrdi. Atı arabadan qabağa qoşmaq olmaz. 

Addım-addım irəliləmək lazımdır. Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik”.

“Bu məsələdə siz Türkiyə ilə razı deyilsiniz” sualına isə Əzimovun cavabı belə olub: “Biz Türkiyənin narahatlıqlarını başa düşürük. İraq Kürdüstanındakı PKK gücləri türklər üçün təhlükəsizlik problemidir. Suriyanın Türkiyə ilə şimal bölgələrində də kürdlər irəliləyir. Əgər sabah Əsəd getsə, biz buna qarşı çıxmayacağıq. Biz hərtərəfli stabilləşmə prosesinin tərəfdarıyıq. Qurudan hücum əməliyyatlarının deyil, çünki istənilən koalisiya ora öz quru qüvvələrini göndərsə xaos daha da böyüyəcək”.

Azərbaycanın müxalifət düşərgəsi və müstəqil siyasi analitiklər Araz Əzimovun Bəşər Əsəd və onun ordusu haqqında verdiyi bəyanata sərt münasibət bildiriblər. 

Müsavat Partiyasının başqanı Arif Hacılı “Yeni Müsavat”a açıqlamasında öncə regionda vəziyyətin gərginləşməkdə davam etdiyini xatırlatdı: “Xüsusilə Türkiyə-Rusiya münasibətlərinin indiki durumu, eyni zamanda Suriya ilə bağlı Qərb dövlətləri ilə Rusiya-İran-Suriya koalisiyası arasında gərginliyin artması təbii ki, hansısa ciddi dəyişikliklərin olması ehtimallarını artırır. Azərbaycan bu vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışmalıdır. 

Bu prosesdə də Azərbaycan öz xarici siyasətini əsas müttəfiqimiz olan Türkiyə ilə uzlaşdırmalıdır. Son dövrlərdə Türkiyənin rəsmi dövlət nümayəndələri, o cümlədən Türkiyəyə rəhbərlik edən şəxslər dalbadal Azərbaycanın maraqlarını əks etdirən açıqlamalar verir. Eyni zamanda Azərbaycanın birinci problemi olan Qarabağ probleminin həlli istiqamətində hansısa addımları atmağa hazır olduqlarını bəyan edirlər. Belə bir məqamda Azərbaycan hakimiyyətinin rəsmi nümayəndəsinin Rusiya-İran-Bəşər Əsəd koalisiyasını dəstəkləyən mövqe sərgiləməsi haqqa-ədalətə, Suriyada məhv edilən günahsız Suriya vətəndaşlarına, bu ölkədən didərgin salınan milyonlarla insana, orada faciələr yaşayan türkmən soydaşlarımıza qarşı həqarətdir. 

Ancaq bu açıqlamanın zərəri bununla da bitmir. Bütövlükdə bu mövqe Türkiyəyə və sivil dünyaya qarşı xəyanətdir, Azərbaycanın milli maraqlarına ağır zərbədir. Ona görə Azərbaycan hakimiyyəti yol verilən bu səhvi dərhal düzəltməli, öz mövqeyini Azərbaycanın milli maraqlarına, bütövlükdə bəşəri dəyərlərə uyğunlaşdırmalı, Araz Əzimov isə dərhal istefaya göndərilməlidir".

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, Azərbaycan hökuməti əvvəldən Bəşər Əsəd məsələsində Əsədi qanuni hakimiyyət hesab edib: “Araz Əzimovun belə mövqeni sərgiləməyinin də səbəblərindən biri odur ki, hakimiyyət Əsədi həmişə qanuni seçilmiş prezident hesab eləyib. Artıq Əsədə legitim prezident demək olmaz. Çünki ölkə xaos içindədir, darmadağın olub. Azərbaycan hökumətinin bu mövqeyi sərgiləməsi təkcə Rusiya ilə bağlı məsələ deyil. Bir az fərqli məqamlar da var. Əsədin devrilməsi nəticə etibarilə Azərbaycan hakimiyyətində də bəzi narahatçılıqlar yarada bilər deyə, nazir müavini o tipli ifadələr işlədib. Amma bunu heç də Türkiyəni yox, Rusiyanı dəstəkləmək kimi qiymətləndirmirəm. Hələlik Əsədə qarşı rəsmi koalisiya formalaşmayıb. Biz Türkiyənin yanındayıq. Türkiyənin mövqeyini Azərbaycan müdafiə edəcək. Araz Əzimovun dediyini indiki halda nəbz yoxlaması hesab edirəm. Ola bilər Araz Əzimovdan sonra daha yüksək rütbəlilər Türkiyəni dəstəkləyən bəyanat versin. Görünür, hansısa gözləntiləri var”.  

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Araz Əzimovun açıqlaması hökumətin xarici siyasət apara bilməməsinin, beynəlxalq hüququ bilməməsinin, Rusiyaya bağlı olmasının göstəricisidir: “Bəşər Əsədi və onun əli qanlı muzdlu silahlılarını legitim hesab etməyin başqa adı yoxdur. Araz Əzimovun bəyanatı Rusiya siyasətinin dəstəklənməsi deməkdir. Bizim strateji müttəfiqimiz Türkiyənin mövqeyindən fərqli mövqe ortaya qoymaq Türkiyəyə arxadan zərbə vurmaq, Türkiyəyə xəyanətdir. Mən bunu qətiyyətlə pisləyirəm. Azərbaycan xalqı Türkiyənin yanındadır. Türkiyənin maraqları bizim maraqlarımızdır, bizim müstəqilliyimizin təminatı da Türkiyə ilə müttəfiqlikdən asılıdır. Türkiyənin maraqlarına zidd mövqe ortaya qoymaq ”5-ci kolo"nun maraqlarını müdafiə edənlərin, Azərbaycanı yenidən Rusiya imperiyasının sərhədlərinə daxil olmasını istəyən qüvvələrin mövqeyidir. Bəşər Əsəd legitim ola bilməz. Əgər bir ölkədə vətəndaş müharibəsi gedirsə, o ölkədə legitim hakimiyyətdən söhbət gedə bilməz. Xalq Əsədi qəbul eləmir, 10 milyonlarla adam ölkəni tərk edib, yerdə qalan vətəndaşlar onunla vuruşur. Belə vəziyyətdə hansı qarantiyadan, hansı legitimlikdən danışırlar?! Bəşər Əsəd öz xalqına qarşı qırğın törətmiş cinayətkardır. 

Beynəlxalq hüquqa görə də gec-tez qanun qarşısında cavab verəcək. Rusiya onu satacaq. Azərbaycan isə bugünkü davranışına görə çətin durumda qalacaq. Türkmənistan Türkiyəyə görə Rusiya ilə qaz alverini dayandırdı. Qazaxıstan bəyan etdi ki, Türkiyə ilə münasibətləri pozmaq fikrində deyil. Digər türk dövlətləri də Türkiyəni müdafiə elədi. Hətta Rusiya Federasiyasının tərkibində olan Tatarıstan və Başqırdıstan belə, Türkiyə ilə münasibətlərin pozulmasına görə Rusiyaya etiraz elədi. Azərbaycan hökuməti isə Rusiyanın uzaq quberniyası kimi Rusiyanın mövqeyinə oxşar mövqe ortaya qoyur".

Müstəqil siyasi analitiklər də Araz Əzimovun ortaya qoyduğu mövqenin yanlış olduğunu bildiriblər. Siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Araz Əzimovun Əsədlə bağlı fikirləri Rusiya və İran rəsmilərinin fikirləri ilə tamamən üst-üstə düşür: “Məgər biz Suriya məsələsində Moskva və Tehranın mövqeyini müdafiə edirik? Araz Əzimovdan heç kim tələb etmir ki, Qərb və Türkiyə liderləri kimi desin ki, Əsəd getməlidir. Bu bizim dərdimiz deyil, heç prezident İlham Əliyev Əsədi dəstəkləyən açıqlamalar vermir, Suriyadakı vəziyyətlə bağlı ümumi ifadələr işlədir, çünki bilir ki, Əsədin günahları terrorçuların günahlarından az deyil. Görəsən, illərin diplomatı Araz Əzimov Əsədin adını çəkmədən Suriyadakı durumla bağlı ümumi ifadələr tapa bilməzdi? Araz Əzimov prezidentdən çoxmu ağıllıdır?

Məncə, Araz Əzimovun müsahibəsindəki fikirlərə ya özü, ya da XİN açıqlama gətirməlidir. Əks halda, Qərbdə və Türkiyədə Azərbaycanı İran və Rusiya ilə yanaşı Əsədin dəstəkçiləri siyahısına aid edəcəklər"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc isə modern.az-a deyib ki, Araz Əzimov sırf rəsmi hüququn konstatasiyasından, gerçək vəziyyətin ifadəsindən çıxış edib: “Azərbaycan Bəşər Əsədin hakimiyyətdən getməsinin tərəfində olan, bundan ötrü hətta hərbi cəhətdən addımlar atmağa hazır olan qardaş Türkiyənin strategiyasını əngəlləmək niyyətində deyil. Bununla yanaşı, İran və Rusiya kimi Bəşər Əsədin yanında olmaq kimi bir fəaliyyətə də ortaqlıq nümayiş etdirilmir.

Biz rəsmi hüquq dili ilə danışsaq, deməliyik ki, Suriya xalqı Bəşər Əsədi özünə prezident seçib. Tarix də sübut etdi ki, 21 milyonluq xalq Bəşər Əsədi taxtdan salmaq istəsəydi, 100 min sayında olan bir ordu yaradıb, bu istiqamətdə addımlar atardı. Amma hadisələr göstərdi ki, Suriya xalqı Bəşər Əsədi hakimiyyətdən devirmək istəmir. Mənə bunun əksini kimsə göstərmək istəsə, onun arqumentlərinin havadan asılı qaldığını söyləyəcəyik".

Z.Orucun fikrincə, Əsədin getməsinin sülhün optimal variantı olduğunu deyənlər yanılırlar: “Problemin Bəşər Əsədin şəxsiyyətində olduğunu deyən adamlar belə düşünür ki, o gedən kimi sülh bərqərar olacaq. İŞİD isə nə ”Əl Qaidə", nə də “Taliban”dır. İŞİD artıq özünü real hakimiyyətə çevirib. Demək ayıb olmasın, bu cini şüşədən buraxıblar, deyək ki, cinlərin biri Bəşər Əsəddir. Yaxşı, o birilərini kim tutub yenidən öz şüşəsinə salacaq?

Böyük güclər deyir ki, onların əsas hədəfi qlobal terrordur. Yaxşı, sual edirəm, İŞİD gəlib öz-özünə təslim olacaq? Ona görə də məsələnin beynəlxalq informasiya kanallarının əli ilə dünyaya tirajladıqları kimi olmadığını hamı bilməlidir. Azərbaycan da bu mənada əlahiddə mövqe göstərməyib. Araz Əzimov bu fikri dilə gətirir ki, bu gün Suriya ətrafında, onun gələcəyini, arxitekturasını qurmaq istəyənlər İraqda, Liviyada, Əfqanıstanda sülhü təmin edə bilməyiblər. 

Əsəd öz xalqı ilə birgə qərar verməlidir. Müharibə olsa, Bəşər Əsəd ən yaxşı halda onu müdafiə edən ölkələrdən birinə sığınacaq. Ya da Qəzzafinin taleyini yaşayacaq. Bəs bununla bölgəyə sülh gələcəkmi? Əsədin hakimiyyətdən getməsi Suriyada tayfa, məzhəb davalarının bəlkə də 10 illərlə davam etməsinə gətirib çıxaracaq".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->