Azərbaycanlı nazir "Marakana" stadionunda

Azərbaycanlı nazir "Marakana" stadionunda

Gənclər və idman naziri Azad Rəhimovun Braziliyaya aprelin 21-dən başlanan səfəri başa çatıb.

Qol.Az-ın nazirliyin yaydığı xəbərə görə, A.Rəhimovun  səfəri aprelin 24-dən 26-dək Rio de Janeyro şəhərində davam edib. Səfər çərçivəsində nazir A.Rəhimov Braziliya Dövlət Olimpiya Komitəsinin Prezidenti Marsio Forteslə görüşüb. M.Fortes rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək 2016-ci ildə Rio de Janeyro şəhərində keçiriləcək olimpiya və parolimpiya oyunlarına hazırlıq işlərindən danışıb. Nazir A.Rəhimov Bakıda 2015-ci ildə təşkil olunacaq I Avropa Oyunları haqqında danışaraq bu kimi beynəlxalq idman tədbirləri ilə əlaqədar iki ölkə arasında təcrübə mübadiləsinin vacib olduğunu bildirib.

Sonra gənclər və idman naziri Rio-2016 Təşkilat Komitəsinin Xarici Əlaqələr üzrə direktoru səfir Agemar Sanktorla görüşüb. Görüş zamanı Azərbaycan-Braziliya münasibətlərinin müşahidə olunan inkişafı, xüsusilə idman sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. A.Sanktor Rio-2016 Təşkilat Komitəsinin qarşısında duran məqsəd və vəzifələr barədə məlumat verib. Nazir öz növbəsində, Azərbaycanda idman sahəsində aparılan siyasət və Olimpiya hərəkatına verilən əhəmiyyət barədə danışaraq, bu sahədə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi nöqteyi nəzərindən müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətini qeyd edib.

Daha sonra, nazir A.Rəhimov “Marakana” stadionunu ziyarət edib və burada aparılan yenidənqurma işləri ilə tanış olub.

Görüşlərdə Azərbaycanın Braziliyadakı səfiri E.Sultanov və Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şəbəsinin müdiri İ.Mədətov da iştirak ediblər.

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR