Ölkə 21:43 22.06.2019

Azərbaycanlı şahidlərin hekayələri: "Çernobılı yadıma salma"

"Evdə qızım da soruşanda deyirəm: "Samirə, Çernobılı yadıma salma". Qızım deyir ki, o haqda serial çəkiblər, bəlkə baxasan. Bir az baxdım, deyirəm, baxa bilmirəm. Mən olanları yaddan çıxarmaq istəyirəm".

33 il qabaq Çernobıldakı qəzanın nəticələrinin ləğv olunmasında iştirak edənlərdən biri Süleyman Süleymanov BBC News Azərbaycancaya danışır. Qəzadan 23 gün sonra Çernobılda olub. O, yanındakı əsgər yoldaşının hərbi tribunalın qərarı ilə güllələndiyini deyir.

"Qarət üstündə güllələdilər. Hərbi tribunal qərar çıxardı və hamının gözü qabağında əsgəri güllələdilər ki, başqalarına dərs olsun..."

Qazancı 21 rubl olub, bir də 20,6 rentgen radiasiya


"Mənim Çernobılda, həqiqi hərbi xidmət zamanı çəkilən şəkilim. May ayı 1986-cı il"

Hərbi xidmətdə olan Süleyman Süleymanov Çernobıl AES-dəki partlayışdan 23 gün sonra ora göndərilib, 66 gün qalıb. Bu müddətdə qazancı 21 rubl olub, bir də 20,6 rentgen radiasiya. Bircə övladı var, həkimlər ikinci dəfə övlad sahibi olmağı məsləhət görməyiblər.

Süleyman Süleymanov evlərinə məzuniyyətə gəlməyə hazırlaşırmış, amma qərar dəyişib:

"Dedilər ki, ezamiyyətə gedirsən. Anbara apardılar, "əyninə olan iki dəst paltar seç, iki dəst yataq dəsti götür" dedilər. Soruşandan sonra bir az tərəddüdlə cavab verdilər ki, Çernobıla gedirsiz. Bizi aparanda komandir sual etdi: "Kim getmək istəmir?" Bir nəfər Orenburqdan gəlmişdi, o dedi ki, mən istəmirəm, çünki xəstəyəm. Komandir qayıtdı ki, əmr müzakirə edilmir, yerinə yetirilir. Əlavə etdi ki, göndərəcəyimiz yerdə SSRİ-nin ən güclü professorları yığışıb, səni orda müalicə edəcəklər... Bizi kor günə qoydular. Bizi gözəgörünməz düşmənlə müharibəyə göndərmişdilər".

"Bir də baxırdıq əlimizdəki əlcəklər deşilib, yalın əllə işləyirik"

Süleyman Süleymanov rabitəçilərlə gedib. "Gecələr kəşfiyyatçılar stansiyada radiasiya dozasını yoxlayıb qayıdırdılar. Rabitəçilər də bu xəbəri Moskvaya göndərirdilər. Beləliklə, Moskva bilirdi ki, hansı nöqtədə nə qədər radiasiya var".

Amma sonradan AES-dəki üçüncü blokda işləməyə göndərilib.

"Bizi salırdılar otaqlara. Bir parça, bir də rezin əlcək verirdilər. Bir vedrə də dərmanlı su. Deyirdilər, divarları yuyun. Yuyandan sonra dozimetrist gəlirdi, radiasiyanı bir də ölçürdü. Baxırdı ki, radiasiyanın dozası çoxdur, deyirdi: "Bir də yumalısınız". Başımız o qədər qarışırdı ki, bir də baxırdıq əlimizdəki əlcəklər deşilib, yalın əllə işləyirik. Birbaşa radiasiya canımıza otururdu. Məni bircə şey xilas etdi, siqaret çəkmirdim. Mən respiratoru ağzımdan çıxarmırdım. Orda siqaret çəkən uşaqlar indi həyatda yoxdurlar".

Süleyman Süleymanov xatırlayır ki, onları gül iyləməyə belə qoymurmuşlar.

"Dedilər, acarsan da bir həftədir huşsuz yatırsan"

"Axırıncı macəramı danışım sizə. Bizi apardılar dördüncü bloka. Bizi gətirən avtobusun hər yeri qurğuşunlanmışdı. Orda bircə sürücü tərəfdə xırda deşik vardı, o da yolu görmək üçün. Bizi dördüncü bloka gətirib, qapını açdılar, "Yüyürə-yüyürə içəri keçin" dedilər. Betonlamazdan öncə xırda daşları yaymalı idik. 5 dəqiqə də vaxt verdilər. Xəbərdar etdilər ki, "Vaxtdır" deyən kimi qaçaraq çıxın. Beş-beş gedirdik. Mənim növbəm çatdı, daşları yaydım, vaxt tamamda qaçaraq qayıtdım, sonrası yadımda deyil... Ayılanda dedim ki, acmışam. Dedilər, acarsan da bir həftədir huşsuz yatırsan".

Amma əsgər Süleymanov yeməkxanadan öncə hamama göndərilib və əynindəki radiasiyalı paltarlar çıxarılıb.

Qatı tüstü, vertolyotlardan tökülən qum və əhalinin təşvişi

Süleyman Süleymanovdan fərqli olaraq Aqil Zeynalov ABŞ-ın HBO şirkətinin çəkdiyi serailı izləyə bilib.

"Filmə baxdım. Bəzi şeylər düzdür, amma müəyyən şeylər biz gördüyümüz kimi deyil. Məsələn, camaatın qaçaqaçını, piyada yollara düşmələrini, vaqonlarda daşınmalarını göstərməyiblər. Əhali təşviş içindəydi, qorxurdu".

Aqil Zeynalov Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadan iki gün sonra elə orda imiş. Onun sözlərinə görə, sürücü olduğu "ximiçiskiy voyskada" aprelin 27-də gecə saatlarında döyüş siqnalı verilib və Saratovdan qatarla yola çıxıblar. Onlar təlimə yola düşdüklərini düşünüblər. Danışır ki, səhər saatlarında şəhərə yaxınlaşanda AES-in üzərində qatı tüstü var idi və buna görə də qatardan düşmələrinə icazə verilməyib. Nə baş verdiyini yerli camaatdan soruşublar. "Çernobıl partlayıb" deyə cavab verilsə də, çoxu yenə anlamayıb.


Aqil Zeynalovun arxivindən

Vertolyotların tüstülənən bölgəyə qum tökdüyünə şahid olublar: "Alovu söndürə bilmirdilər. Tüstünü zərərsizləşdirməkdən ötrü qum atırdılar. Mən vertolyotları görəndə dəhşətə gəldim. Başa düşdüm ki, orda nəsə təhlükəli maddə var, ona görə əhali təşvişə düşüb, hamı qaçır. Yanğınsöndürən maşınlar, nərdivanlar elə blokun qıraq-bucağında qalmışdılar, tərpətmirdilər, təxminən 10-15 maşın olardı".

Aqil Zeynalovun sözlərinə görə, artıq onlar Çernobıla çatanda vertolyotlarla, qatarla yerli əhali köçürülürmüş.

"Evlər dolu qalırdı. Necə bizim qaçqınlar yurdlarından qaçanda evlərini dolu qoyub çıxmışdılar elə də onlar. Hərbçilər əmr vermişdi ki, evdən nəsə götürmək olmaz. Hərənin üstündə bir dozimetr vardı. Evlərə girib yoxlayanda görürdün radiasiya çox güclüdür, 35-40 rentgendir. Heyvanları dərin quyu qazıb ora yığırdılar. Sonra öldürürdülər ya yox, bilmirəm".

"AES-dən çıxandan sonra 5-6 dəfə hamamlanır, paltarlarımızı çıxarıb atırdıq"


Aqil Zeynalovun arxivindən

Aqil Zeynalov deyir ki, aprelin 29-da gecə saatlarında AES-in 15 km-liyində çadır qurublar, ancaq iki gün sonra onları 30 km aralıda yerləşdiriblər. Bir həftə orda qalandan sonra onları 100 km-lik məsafəyə köçürüblər.

"Mən sürücü kimi hərbçiləri növbəylə işləyən stansiyaya daşıyırdım. Artıq hərbi paltarımızı dəyişib ağ geyimdə və qaz əleyhinə maskada hərəkət edirdik. Mənim stansiyaya girib-çıxmağım çox qısa çəkirdi, 3-5 dəqiqə. Əhalini blokdan yığıb çıxırdım. Bizim əsgərlər - onlara "ximiklər" ("kimyaçılar"- red.) deyirdilər - həmçinin yollarda maşınları, onların təkərlərini kimyəvi maddələrlə yuyurdular. Ondan başqa maşınlarda hamam düzəltmişdilər, əsgərləri dərmanlı suyla çimizdirirdilər, təzə paltar verir, növbədən yola salırdılar. Biz özümüz də rezin paltarda gəzirdik".

Aqil Zeynalov hər gün stansiyadan çıxıb 100 km-lik məsafəni qət edənə qədər 5-6 yerdə hamamlanıb, əyin-başlarını, əsgər çəkmələrini dəyişdiklərini söyləyir. Bundan başqa hərəkət etdikləri avtobuslar da xüsusi məhlullarla yuyulurmuş ki, radiasiya kənara çıxmasın.

"Bəlkə 5-6 yerdə paltar, botinka dəyişirdik. Artıq hərbi geyim çatmırdı mülki geyim verirdilər".

Aqil Zeynalov qəzadan bir-iki həftə sonra ən çox radiasiya olan bölgədə işləyən maşınlara "zireh" taxıldığını, onların qurğuşuna tutulduğunu söyləyir. "Amma bizim maşınlara vurulmamışdı. Biz əsgər, fəhlə daşıyırdıq".


Aqil Zeynalovun arxivindən

Hər gün kərə yağı, yumurta... mütləq spirt

Bununla belə, AES ərazisində olanlar radiasiyanı üst-başlarında olmasa da, canlarında çıxarmalı olublar. Aqil Zeynalov hər dəfə AES ərazisinə girib-çıxdıqca "güclü radiasiya" aldığını söyləyir: "43 rentgen komandirim almışdı, 34 rentgen də mən. Üstümüzdə dozimetr vardı, hər gün bizim nə qədər radiasiya aldığmızı bunun əsasında yoxlayıb yazırdılar. Hər gün tibb məntəqəsinə gedirdik, halı pisləşənlərə dava-dərman verirdilər, düzələn kimi onları mətbəxdə "xlebarez", aşpaz işinə keçirirdilər".

Mətbəx demiş, o hərbçilərin qidalanmasına xüsusi diqqət yetirildiyini, "qüvvətli yeməklər" yediklərini qeyd edir. Hər gün rasionda mütləq kərə yağı, yumurta olurmuş və bir də spirt.

"Deyirdilər içki şüanın qarşısını alır. Ona görə işçilərin çoxu içkili olurdu. Əsgərə yox, mülki işçilərə verirdilər. Əsgərlərə xüsusi şirə verirdilər, bir az mandarin, bir az dərman tamı verirdi".

İşlədiyi zavoddan ezamiyyətə göndərilən Ramiz Hacıyev də onlara işə başlamazdan öncə "zakuskasız" "aviasiya spirti" verildiyini deyir: "İki-üç saatdan artıq işləmək mümkün deyildi. Özü də içkili, kefli vəziyytdə işləyirdik. İşə başlamazdan qabaq təmiz spirt, aviasiya spirti içirirdilər, sümük əriməsinin qarşısını müvəqqəti alırdı, elə deyirdilər. Çox içə bilmirdik, xüsusən də bizim millət".

Düz bir ay sonra Aqil Zeynalov "çox radiasiya qəbul etmiş biri kimi" Saratovdakı hərbi hissəyə qaytarılıb. İki həftə sonra özünü pis hiss etməyə başlayıb, ürəkbulanma, başağrıları başlayıb. Hərbi hissəyə qayıtdıqda bir ay müalicə aldıqdan sonra tərxis olunub.

Rəhbərlik onu 300 rubl və medalla mükafatlandırıb. Amma sonradan Çernobılın başqa mükafatlarını qanında-canında özü ilə gətirib. İlk övladı - qızı doğulandan 6 ay sonra ölüb, ikinci övladının - oğlunun bir gözü əlildir.


Aqil Zeynalovun arxivindən

"4 saata qədər işlədirdilər bizi, normadan saat yarım çox"

O zaman 24 yaşı olan Ramiz Hacıyev Çernobıla işlədiyi zavoddan göndərilib.

1986-cı ilin iyunun 7-də qəza baş verən bölgədə olub. Təxminən 32 gün tikinti sahəsində işləyib, təyyarə ilə gələn yardımı boşaldıb.

Özünü aldadılmış sayır. "Çoxu ezamiyyətə getmədi, məsələn, ailəlilər, bizimlə işləyən ermənilər getmədi. Direktor iki nəfərə 500 rubl verdi. Bircə şey tapşırdı ki, yeyib-içməyinizə fikir verin, mehmanxanada lüks otaq götürün. O da bilirdi ki, ölümə gedirik...

Ona qədər çox yerə ezamiyyətə göndərmişdilər, Çernobıla getdiyimizi bilmirdik".

Ramiz Hacıyevin sözlərinə görə ən çox "aldanmış və hüququnu bilməyənlərin" reaktora yaxın hissədə işlədilməsinə təəssüflənib.

"Eləsi vardı "ximzaşita" verirdilər, eləsi də vardı filtrsiz əleyh-qaz verilirdi. Hər yer qıpqırmızı toz idi. Sulanandan sonra toz yatırdı. 4 saata qədər işlədirdilər bizi, normadan saat yarım çox. Qanmırdıq. İndiki ağlım olsa getməzdim".

... Süleyman Süleymanov deyir ki, əvvələr Ukraynanın paytaxtı Kiyevə müalicəyə gedərmiş.

"1990-95-ci illərdə orda müalicə almışam. Amma orda prezident dəyişəndən sonra dedilər ki, sizin ölkə bizə pul ödəməlidir. Mən ağacdan yıxılmamışam, maşın vurmayıb, bu ölkədə zərər çəkmişəm. İndi necə məni müalicə etmirlər? Yəni müalicə də problemlidir. Ukraynada radiasiya almış xəstələrlə məşğul olan xüsusi klinika var. Pullu ediblər deyə getmək olmur".

Mənbə: BBC