Macarıstan ali məktəblərində 2017-2018-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb.
Təhsil Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı" çərçivəsində təşkil olunmuş seçimləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə aparıb. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən namizədlərin sənədləri təhlil olunduqdan sonra yekun qərar verilib. Seçimlərin nəticələrinə əsasən, 200 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Tələbələrin böyük əksəriyyəti Macarıstanın "Debrecen University", "Budapest Business School", "Corvinus University of Budapest" və digər ali təhsil müəssisələrində Kompüter elmləri, İqtisadiyyat, Kənd təsərrüfatı, Biznesin idarəolunması, Turizm, Mühəndislik, Kimya və digər ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı əldə edib. Onlardan 107 nəfər magistratura, 83 nəfər bakalavriat, 10 nəfər doktorantura üzrə təhsil alacaq.
Qeyd edək ki, 2014-cü ilin 11 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış 2015-2017-ci illər üzrə İş Proqramına uyğun olaraq, azərbaycanlı tələbələr Macarıstanda təhsil almaq imkanı qazanıblar.
İş Proqramında müəyyən olunmuş kvota üzrə ixtisas istiqamətlərinə müraciət edənlər arasında dil və ixtisas bilikləri, ümumi dünyagörüşü yüksək olan namizədlərə üstünlük verilir.
Namizədlərin ilkin seçimi Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən aparılır. Müsbət rəy almış namizədlərin adları Macarıstan tərəfinə təqdim olunur. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri namizədlərin sənədlərini təhlil edir. Namizədlərlə bağlı yekun qərar yalnız Macarıstanın ali təhsil müəssisələri və Macarıstan hökuməti tərəfindən yaradılmış Tempus Qeyri-Kommersiya Fondu vasitəsi ilə verilir.
Ümumilikdə, 2015-2016-cı tədris ilində 51 nəfər, 2016-2017-ci tədris ilində 182 nəfər bu təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanıb.
Xatırladaq ki, Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməlidir. Lakin həmin Fond bir neçə gün əvvəl müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina etmişdi.
Qaynarinfo.Az
Şərhlər