Ekonomiks 14:07 07.06.2019

"Azərenerji" fövqəladə vəziyyətə hazırdırmı? (AÇIQLAMA)

Ötən ilin iyul ayının 2-dən 3-ə keçən gecə Mingəçevirdə fəaliyyət göstərən Azərbaycanın İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda baş verən partlayış ölkənin günlərlə enerji problemi ilə üzləşməsinə səbəb oldu. Sonrakı günlərdə həm bu obyektdə, həm də digərlərində baş verən qəzalar ciddi narahatlığa səbəb oldu. Rayon və kəndlər, həmçinin Bakının mərkəzi, metro, dövlət əhəmiyyətli obyektlər saatlarla işıqsız qaldı. 

Baş vermiş hadisəyə səbəb kimi əlaqədar qurumlar hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatorunun sıradan çıxmasını göstərdi. 

Yenə yay gəlir. Ötən ilkindən daha yüksək tempraturun müşahidə olunacağı proqnozlaşdırılır. Bəs "Azərenerji" ASC eyni hadisələrin təkrarlanmaması üçün hansı tədbirləri görüb? Ötən ilki problemlər tam olaraq aradan qaldırılıbmı? "Azərenerji" fövqəladə vəziyyətlərə hazırdımı? 

Bu və digər sualları qurumun mətbuat xidmətinin rəhbəri Teymur Abdullayevə ünvanladıq. "Azərenerji” rəsmisi Qaynarinfo-ya açıqlamasında bildirdi ki, bütün ehtiyat tədbirlər görülüb: 
 
 


 
"Azərenerji” ASC Bakı şəhərinin elektrik enerji təchizatının etibarlığı və dayanıqlığını gücləndirmək üçün Şirvan şəhərindəki "Cənub” Elektrik Stansiyasından "Xırdalan” yarımstansiyasına 330 kV-luq bazada çəkdiyi 220 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttində işləri yekunlaşdırıb və xətt istismara verilib. Yeni xəttin çəkilməsi paytaxta birbaşa generasiya mənbəyindən əlavə xəttin gətirilməsini təmin edərək etibarlığı daha da artırıb. Belə ki, indi Mingəçevir və ya Səngəçaldakı elektrik stansiyalarından qidalanaraq şəhərə daxil olan yüksəkgərginlikli xətlərdə hansısa problem yaranarsa, Şirvan şəhərindəki "Cənub” Elektrik Stansiyasından birbaşa çəkilən yeni xətt Bakı və Abşeron yarmadasının enerji təchizatında xüsusi rol oynayacaq. 
Bundan əlavə yeni xətt istismara verildiyinə görə şəhərə daxil olan digər yüksəkgərginlikli xətləri açmaq və yükü digər xəttin üzərinə keçirməklə şəhərə verilən enerjini dayandırmadan onların üzərində təmir-bərpa işləri aparmaq mümkün olacaq. 

Qeyd edək ki, 2 dövrəli olmaqla 108 km məsafədə, 330 kV-luq dayaqlarla çəkilən 220 kV-luq "Cənub-Xırdalan” hava xətti gələcəkdə 330 kV-luq gərginlik sinifinə keçiriləcək”.

Nərmin Həsənli