Ölkə 19:24 24.12.2018

Bağçalara verilən ərzaqların çeşidləri artırılır - RƏSMİ

Ötən həftə Bakı şəhərinin Məktəbəqədər təhsil müəssisələrində ərzaq təminatına nəzarətin artırılması və bununla bağlı görülən işlərə dair Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı kütləvi informasiya vasitələrində yayımlanıb.

Məsələ mətbuatda geniş müzakirələrə səbəb olub, düzgün yanaşma və müxtəlif mövqelərlə yanaşı, bəzi şişirdilmə, qeyri-dəqiq məlumatlara da rast gəlinib.

Bu barədə Qaynarinfo-ya Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.


BŞİH-dən verilən məlumata görə, Bakı şəhər Məktəbəqədər təhsil və uşaq evləri idarəsindən alınan məlumatda bildirilir ki, idarənin tabeliyində olan müəssisələrin ərzaq təminatı hər zaman gündəlik nəzarətdə saxlanılır və ərzaqla bağlı daxil olan hər bir müraciət ciddi şəkildə araşdırılır: 

"Elə ötən həftə bağçalara verilən ərzağın keyfiyyəti ilə bağlı daxil olmuş məlumat da dərhal Bakı şəhər İcra Hakimiyyətində təşkil olunmuş Komissiya tərəfindən yerində araşdırılıb, keyfiyyəti şübhə doğuran ərzaqlarin geri qaytarılaraq yeniləri ilə əvəz olunması təmin edilib”.

İdarədən bildirilib ki, bağçalara köhnə, keyfiyyətsiz ərzaq verilməsindən söhbət belə gedə bilməz, yalnız keyfiyyəti şübhə doğuran ərzaqlar dərhal dəyişdirilib: 

"Komissiyanın bütün rayonlardakı uşaq bağçalarında apardıqları yoxlamalarda ciddi nöqsanlar və problemlər aşkar edilməyib. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə bağçalara verilən ərzaqların keyfiyyətinin ciddi nəzarətdə saxlanılması, hər hansı problem yaranarsa, dərhal məlumat verilməsi tapşırılıb. Bildirilib ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir”.

Eyni zamanda, Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumlara Yeni il ərəfəsində bağçalara verilən ərzaqların çeşidlərinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.