Azercell-in dəstəyi ilə "Uşaq Qaynar Xətt” xidməti çətinliyi olan uşaqların yanındadır

Günümüzdə əksər uşaqlar ailədə, məktəbdə onlara qarşı baş verən haqsızlıq, qanun pozuntusu və zorakılıq barədə digər insanlarla bölüşməkdən qorxurlar, eyni zamanda üzləşdikləri problemləri valideynlərinə və yaxınlarına danışmaqdan çəkinirirlər. Aparılan müşahidələr göstərir ki, bütün bu yaşananlar uşaqların bir şəxsiyyət kimi yetişməsində ciddi maneələr törədir, onlara mənəvi və psixoloji olaraq çətinlik yaradır. Bu tip problemlərin qarşısını almaq, uşaqlara dəstək və yaranan problemlərdə valideynlərə yardımçı olmaq üçün "Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt" xidməti artıq 2 ildir ki, orta məktəblərdə maarifləndirmə işləri aparır. İndiyə qədər Bakının bir çox məktəbləri ilə yanaşı, bölgələrdə də maarifləndirmə tədbirləri keçirən Qaynar xəttin əməkdaşları noyabr ayında da yüzlərlə uşaq, valideyn və müəllimi bir araya gətiriblər. Belə ki, Bakıda 135, 24, 212, 45, 263, 83 nömrəli orta məktəblərdə və eləcə də "Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə keçirilən maarifləndirmə tədbirlərində Qaynar Xətt xidmətinin iş prinsipləri, müraciət vasitələri, qaynar xəttdə psixoloji, sosial və hüquqi yardımın meyarları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, uşaqlar xidmətə şəxsiyyətlərarası münasibətlər, psixoloji dəstəyə ehtiyac, ailədaxili, həmyaşıdlarla, məktəbdə ünsiyyət çatışmazlığı, tənhalıq, sevgi ilə bağlı qorxu hissləri, yaxın adamın itkisi, psixoloji, fiziki və cinsi zorakılıq, imtahanqabağı həyəcan, evdən qaçma, gələcək planlarla bağlı narahatlıq, erkən nikah, zərərli maddəllərdən istifadə, İİV/QİÇS-ə yoluxma təhlükəsi, habelə hüquqi pozuntularla bağlı zəng vura bilərlər. Sonda şagirdlərə Qaynar Xəttin maarifləndirici materialları təqdim edilib.

2010-cu ildə Azercell-in dəstəyi ilə xidmətin yaradılmasında məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. Qeyd edək ki, işçi heyyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət olan "Uşaq Qaynar Xətt” xidmətində ən vacib prinsiplərdən biri məxfilikdir. Yalnız uşağın və valideynin icazəsi olduqda və problemin həlli bunu tələb edirsə müraciət digər müvafiq təşkilatlara çatdırılır. 
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz