Siyasət 12:38 09.02.2023

Bakı və İrəvan hansı məsələlərdə razılaşıb? - Politoloq

"Bəzi məsələlərdə mövqe yaxınlaşması ola bilər. Lakin bunun üçün İrəvan bəzi addımlar atmalıdır. Məsələn, sərhədlərin delimitasiyası, Qazaxın 7 və Naxçıvanın 1 kəndinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistan kostruktiv mövqe tutmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Azərbaycanla bəzi məsələlərdə mövqelərin yaxınlaşmasına nail olduqları barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib. 
 
"Bu istiqamətdə müəyyən irəliləyişlər əldə edilib. Ən əhəmiyyətli məsələ isə Qarabağ mövzusunun prosesdə yer alacağı ilə bağlı məqamdır. Bakı qısa və Azərbaycanın ərazi bütövlüyünü tam mənasında tanıyan sənəd istəyir. Ermənistan tərəfi isə daha detallı və Qarabağ mövzusu ilə bağlı suallar yaradacaq mətni ortaya qoymağa çalışır. Ola bilsin ki, bununla bağlı da tərəflər ortaq formula gəliblər”, deyə Nazim Cəfərsoy bildirib.


 
Ekspertin fikrincə, Qarabağ mövzusu Azərbaycanın istədiyi, tələbinin tam qarşılanacağı, amma Paşinyan hakimiyyətini də daxili ictimaiyyət qarşısında pis vəziyyətə qoymayacaq model şəklində olacaq:

"Yəni, mahiyyətcə Azərbaycanın tələbləri yerinə yetəcək, onun texniki təqdimatı zamanı isə Paşinyana manevr etmək imkanı verəcək. Ehtimal edirəm ki, Zəngəzur koridoru ilə bağlı da müəyyən yaxınlaşmalar var. Yəni, hazırda demarkasiya, Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbulu və Zəngəzur dəhlizi məsələsində müəyyən razılaşmalar əldə edilə bilər”. 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla İrəvanda keçirdiyi mətbuat konfransında bəzi məsələlərdə Azərbaycanla mövqeləri yaxınlaşdırmağın mümkün olduğunu bildirib: "Müxtəlif mərhələlərdə tərəflərin müxtəlif məsələlərlə bağlı mövqeləri üst-üstə düşür, bəzən bir-birindən uzaq qalmaqda davam edir. Ona görə də hər hansı bir təfərrüatı götürüb tərəflərin mövqeyinin necə olduğunu söyləmək yersizdir. Sabah mənzərə tamamilə fərqli ola bilər. Bir daha deyirəm, bəzi məsələlərdə mövqeləri yaxınlaşdırmağa nail olmuşuq”, - deyə Mirzoyan bildirib. 

Rüfət Sultan