İdman 18:02 17.12.2017

Bakı yol polisindən saxlanılan velosipedçilərlə bağlı açıqlama

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi Velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin "Synergy Baku” kontinental klubunun üzvləri bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən yol polisi tərəfindən saxlanılmasına münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov unikal.org-a açıqlamasında deyib ki, bu gün təqribən 35 velosipedçi Bakının strateji əhəmiyətə malik yolu yolu hesab edilən, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində şəhər polisi ilə razılaşmadan icazəsiz olaraq hərəkət ediblər:

"Bu yolda sürət həddi saatda 120 kilometr nəzərdə tutulub. Əsas yol olduğu üçün, burada təhlükəsizlik tədbirlərinin görülməsi əsas şərtlərdən də biridir. Belə ki, kamera görüntüləri əsasında velosipedçilər avtomobillərin hərəkətinə həddindən artıq maneə yaradıb və süni sıxlığın yaşanmasına səbəb olub. Bununla belə yol-nəqliyyat hadisəsinin yaranması ehtimalı üzə çıxarıb. Yəni, avtomobillə velosipedçilərin vurulması təhlükəsi də yaranıb”.

V.Əsədov əlavə edib ki, bu gün bazar günüdür və əgər velosipedçilər belə hərəkət həftənin digər iş günlərinə təsüdüf etsəydi, yollarda daha çox sıxlıq müşahidə edilərdi:

"Bu baxımdan həmin velosipedçilər saxlanılıb və qanunvericilikdə nəzərdə tutulan tələblər üzrə tədbirlər həyata keçiriləcək”.

Qurum rəsmisi həmçinin deyib ki, ümumiyyətlə velosiped təlimləri ilə bağlı hər hansı bir istiqamətdə hərəkət edərkən mütləq şəhər yol polisinə müraciət etməlidirlər:

"Ayrılmış marşurut üzrə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə, onlar müşayət olunmalı idi. Biz bu günə qədər bütün velosiped yarışlarının keçirilməsi ilə bağlı xeyli təcrübə toplamışıq. Velosiped idarə etmə təlimlərinin təhlükəsizliyini də təmin etmişik. Heç bir narazılıq da olmayıb. Bu dəfə velosipedçilərdə yaranmış narazılıq təbii ki, "başa düşüləndi”. Çünki onlar bizə məlumat vermədən özbaşına Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində, sürətli yolda qəza təhlükəsi yaratmaqla hərəkət ediblər. Onlar məcburi dayandırılıb və cərimə meydançasına aparılıb. Barələrində müvafiq tədbirlərin seçilməsi üçün, hal hazırda araşdırma aparılır”.

V.Əsədov hadisə ilə bağlı Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayevə də müraciət edib:

"Hörmətli mətbuat xidmətinin rəhbəri! Bu hadisə ilə bağlı məlumatı ictimailəşdirməzdən öncə bizə velosipedçilərinizin hərəkət istiqaməti ilə bağlı məlumat versəydin, daha məqsədəuyğun olardı. Belə olan halda problem olmazdı. Siz bu məlumatı ictimailəşdirməklə velosipedçilərin hərəkətinə haqq qazandırmağa çalışırsız. Sanki yol polisi qeyri-qanuni hərəkət edib! Məgər bizə müraciət edib yer istəyə bilməzdindizmi? Və yaxud yol istəyə bilməzdinizmi?

Əgər bu edilsəydi, velosipedçilərin rahat, fasiləsiz, istədiyiniz istiqamətə vaxtında hərəkət etməyiniz təmin oluna bilərdi. Təbii ki, bu tələbləri özünüz pozmusuz. Bununla bağlı da zəruri tədbirlər görüləcək. Digər tərəfdən şəhər polisinin velosipedçilərin təlimi üçün bir neçə yerdə meydançası da var. Ən azından sizə orda da təlim-məşq toplanışlarının keçirilməsinə şərait yaradıla bilərdi”.