İdman 11:40 11.03.2013

“Bakı”Azərbaycan futbolunun gələcəyi üçün çalışır" (MÜSAHİBƏ)


Futbol üzrə Azərbaycan çempionatinda mübarizə ən gərgin mərhələsinə qədəm qoyub. İlk altılıqda yer alan komandalardan biri olan "Bakı" da sıralarını yeni transferlərlə möhkəmlədib. Komandanın hədəfləri və qarşıdakı planları barədə klubun vitse-prezidenti Zeynal Məmmədovun "Qaynar.info" xəbər portalına verdiyi müsahibəni təqdim edirik.

- Yaxınlarda yeni transferlər etdiniz, heyətinizə qatılan futbolçular gözlntilərinizi doğrultdumu?


- Bilirsiniz ki, qış transferində komandamıza 8 yeni futbolçu transfer elədik. Onlardan 4-ü əcnəbi, 4-ü isə yerlidir. Mətbuatda bizim haqqımızda həqiqətə uyğun olmayan çox şeylər yazırlar, təbii ki, biz bunları qəbul etmirik. Çünki yazılanlar həqiqəti əks etdirmir. Müxtəlif  mətbu orqan və qurumlarda guya "Bakı"nın uğursuz transfer siyasəti yeritdiyini, yeni futbolçuların o qədər də güclü oyunçular olmadıqlarını iddia edrilər. Mən başa düşə bilmirəm ki, yazılanları hardan çıxarırlar? Çünki yeni oyunçular hələ özlərini tam göstərə bilməyiblər. Meydançaya çıxmağa o qədər də imkanları olmayıb, oyunlarda tam iştirak edə bilməyiblər. Amma buna baxmayaraq "Bakı" haqqında sanki kampaniya başlanıb, onlar haqqında hər gün qərəzli yazılar dərc edir və bizi tənqid edirlər. Oyunlar yeni başlayıb və imkan düşdükcə futbolçular özlərini göstərməyə çalışırlar. Düzdür, rumın futbolçu Peniyə hər oyun imkan verilib və o da özünü yaxşı tərəfdən nümayiş etdirə bilib. Düşünürəm ki, həmçinin Marioaya da, Ristoviçə də, Fərdi Elmasa da həmin şanslar verilsə, onlar da etimadı doğruldacaqlar.

“Bakı” kulubu səhv addım atmayıb, düzgün transferlər edərək, çox güclü futbolçular alıb. Sadəcə hər biri öz məqamını gözləyir. Aldığımız yerli futbolçuların isə müzakirəyə ehtiyacı yoxdur, çünki onlar millini oyunçularıdır. Başa düşə bilmirəm, millinin oyunçularının transferinə necə "düzgün deyil" demək olar? Bizi tənqid edənlər 8 transferdən yalnız Penanı uğurlu hesab edirlər. Bəs Kamran Ağayev, Rauf Əliyev, Aqil Nəbiyev, Cavid Hüseynov- bunlar pis transferlərdi? Yaxşı, tutaq ki, Mario pis oldu, Ristoviç pis oldu, Fərdi Elmas pis oldu, “Ayaks” məktəbin keçən, “Qalatasaray”da, “Numansiya”da oynayan futbolçu da pis oldu? Axı onların üçü də səviyyəli oyunçulardır. Çempionat zamanı özünüz də bunun şahidi olacaqsınız, Pena kimi onlara da oynamaq şansı veriləcək və həmin o 3 futbolçu da öz sözlərin deyəcəklər.

- Bəs onda bəzi media qurumlarında transfer siyasətinizin belə tənqid olunmasının səbəbi nədir?


- Səmimi deyim ki, bu bir kampaniyadır. Media düzü düz, səhvi səhv kimi yazmalıdır, yəni biz belə görmüşük. Amma əfsuslar olsun ki, bu gün heç də bütün jurnalistlər belə deyil. “Bakı” klubu olaraq, komandanın vitse-prezidenti Zeynal Məmmədov olaraq hər bir jurnalistin fikirinə hörmətlə yanaşıram, tənqidə də normal münasibət göstərmişəm, göstərirəm də. “Bakı” klubu da bu günə qədər bütün tənqidlərə normal yanaşıb və qəbul edib, yəni tənqid varsa, biz də bunu qəbul etməliyik. Bizi tənqid edirlərsə, demək ki, işimiz görünür və gördükləri üçün də tənqid edirlər. Amma bəzən elə olur ki, olmayan şeyləri də yazırlar. Öz adımdan deyirəm ki, həmin o jurnalistə yazığım gəlir, ürəyim ağrıyır ki, bəlkə də o jurnalist gələcəkdə çox yaxşı bir yazar, redaktor ola bilərdi. Bu gün bu cür yolla getmək ona başucalığı gətirməz. Çox təəssüf ki, bu gün belə jurnalistlər çoxdur. Amma heç kimin diktəsinə fikir verməyən, öz sözünü, öz fikirini yazan jurnalistlərimiz də var və onların da sayı az deyil. Bax həmin o jurnalistlərə çox böyük hörmətimiz var və onların tənqidlərini də normal qarşılayırıq. Jurnalist öz qələminin dəyərini bilməlidi. Yerindən duran gəlib jurnalistika sahəsində işləyirsə, bu, jurnalistikaya təhqirdir. Bəzi hallarda yazını oxuyursan, görürsən ki, dezinformasiya, həqiqətdən kənar şeylər yazılıb. Onda artıq hiss olunur ki, bu sifarişli yazıdır. Bəs oxucular hardan bilsinlər ki, yazılanlar cəfəngiyyatdır? İndi gəl bir-bir insanların qarşısına çıx, izah et ki, yazılanlar dezinformasiyadır, sifarişdir.  Bu cür hallar yolverilməzdir. “Bakı” kulubu heç vaxt bu cür addımlar atmayıb və atmayacaq da. Düzdür, “Bakı” kulubunun adı bir çox mətbu orqanlarla bağlanır, amma yenə deyirəm, bunlar yalnış fikirlərdir. Artıq 9 ildir ki, futbol sahəsindəyəm. Baş verənlərin hamısını aydın görürəm. Azərbaycan futbolundakı çılpaqlıqlar çox tez görünür. Bir az paxıllıq, qısqanclıq varsa, bunları çox tez biruzə verirlər. Hansı jurnalistə kim diktə edir, kim sifariş verirsə, bunların hamısı görünür.

- Bir çox tənqidlərdə “Bakı”nın son vaxtlar zəiflədiyi qeyd olunur...

- Əsas komandanın zəif olduğunu deyirlərsə, bunu zəflik hesab eləmirəm. Bildiyiniz kimi əsas diqqətimizi uşaq futbolunun inkişafına yönəltmişik. Biz cənab prezidentin “Azərbaycanda uşaq futbolunun inkişafı” ilə bağlı imzaladığı sərəncamı əsas tutaraq ölkə futbolunun inkişfına az da olsa, töfhəmizi verməyə çalışırıq. Biz də 2015-ci ilə kimi bir sıra layihələr həyata keçirməyə çalışırq. Doğrudur, biz işə əsas komanda ilə başladıq, amma fikrimcə biz futbolumuzun əsas mənbəsinin inkişafına nail olmalıyıq. Əks halda 100 illərlə Azərbaycan futbolunda inkişaf görə bilməyəcəyik. Biz bunu gələcək nəsillərimiz üçün edirik. İllər sonra biz həyatda olmayacağıq, amma bizim inkişafda olan futbolumuz olacaq. Baxın, bizim bazada nə qədər uşaq pulsuz qalır, futbolun sirlərini öyrənir, onlar forma ilə, yeməklə təmin olunur. Onlardan bir qəpik belə pul alınmır. Nə qədər işlər görülür. Bunu Azərbaycan futbolunun gələcəyi üçün edirik. Oturub hesablasınlar ki, bir uşağın burada qalmağı, yeməyi komandamıza neçəyə başa gəlir. Onların evlərinə aparılıb-gətirilməsini belə biz həyata keçiririk. Əsas komandaya gəlincə isə, bu gün 6-cı pillədəyik, hələ may ayı deyil. Necə deyərlər, cücəni payızda sayarlar. Hələ bilmək olmaz nəticə necə olacaq. Düzdür, “Bakı” çempion olmayacaq, amma 2-ci, 3-cü yeri götürəcək. Qarşıda hələ 10 oyun var. Niyə düşüblər “Bakı”nın üstünə, başa düşə bilmirəm. Məgər “Bakı”dan başqa klub yoxdu Azərbaycanda?.

- Bu yaxınlarda AFFA sizə ağır cəza verdi. Siz bu qərarı ədalətsiz hesab etdiniz. Nə baş vermişdi?

- O hadisədə mənim heç bir günahım yox idi. Heç barmağımı da toxundurmamışam hakimə. “Qarabağ”a neynədilər? Döyüb öldürüblər uşaqları, neynədilər? 8 min manat, bir də bir oyun azarkeşsiz oyun cəriməsi verdilər. Məni və mühafizəçimi 18 min manat, ikimizə 36 min manat cərimə, 10 oyun azarkeşsiz keçirmək cəzası.  Apelyasiyaya da verdim, bağışlamadılar, Mahmud Qurbanovu bağışladılar, qırmızı alanları bağışladılar, sarı alanları bağışladılar. Amma bizi yox. Nədi səbəb? Bir dənə sözə 18 min manat, amma uşaqları təpik altına salıblar- 8 min manat, necə olur, bəs hardadı ədalət? İki nəfərə 36 min manat cərimə yazıblar. Heç nə deməmişəm, mühafizəçimlə girmişik içəri, o yazıq da danışmayıb, özlərindən qərar çıxarıblar. Deyirəm ki, kaseti götürün baxın, onu da nəzərə almadılar. Hakim isə polisdə bir izahat verib, PFL-də ayrı izahat. Daha bundan sonra nə deyəsən? Dediyim kimi “Bakı”ya qarşı təzyiqlər çox böyükdür, bu hakimlərin idarəçiliyində də görünür, çıxarılan qərarlarda da. Belə baxanda hakimlərdə günah grmürəm. Hakim neynəsin, yazıq qorxur. Hakim də öz balasını fikirləşir, o da evinə çörək aparmaq istəyir.

- “Bakı” klubu İspaniyanın “Atletiko Madrid” komandası ilə əməkdaşlıq edir, tərəfdaşlıq hansı səviyyədədir? Bu əməkdaşlıq Azərbaycan futbolunun inkişafına necə töfhə verə bilər?

- Bu layihə tək “Bakı” ilə deyil, AFFA ilə birgə həyata keçirilir, yəni burada bütün komandalarımız iştirak edir. Sadəcə biz bu layihənin təşəbbüskarıyıq. Bu əməkdaşlıq əsasən 2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşlıların Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır. Hesab edirəm ki, indidən bu işlərə başlamağımız həmin birincilikdə yaxşı yerlərdən birini tutmağımız üçün avantaj yaradır. Seçilən uşaqlar mart ayında İspaniyaya gedəcək. Onlar orada bizim hesabımıza təhsil də alacaqlar, qidalanacaqlar da. Bu da Azərbaycan futbolunun inkişafı üçün atılan addımdır. Biz tək “Atletiko Madrid”lə əmkdaşlıq etmirik. Bu gün qarşımızda duran əsas prioritetlərdən biri hər ölkədə bir klubla əməkdaşlıq etməkdir. Biz “Lans”la da, Portuqaliyada “Porto”yla, Hollandiyada “Ayaks”la əməkdaşlıq etməkdə maraqlıyıq. Bu komandalarla müxtəlif layihələr həyata keçirməyi nəzərdə tuturuq. Bununla yerli futbolçuların Avropaya inteqrasiyasını da həyata keçirməyə çalışırıq.

 
Elmir Murad
Qaynar.İnfo