Foto 10:16 25.01.2020

Bakıda avtobus körpüdən aşdı, yaralılar var (YENİLƏNİB/FOTO)

Bakının Sabunçu rayonu ərazisində, Maştağa körpüsü yaxınlığında baş verən qəza ilə bağlı rəsmi məlumat verilib.

Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu gün səhər saat 08 radələrində "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb.

Şəhər istiqamətində hərəkət olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən "VAZ-2107” markalı minik avtomobili çıxıb.

Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də yol sürüşkən olduğundan nəqliyyat vasitəsi idarəetməni itirib.

Nəticədə avtobus yoldan kənara çıxıb.

Qəza nəticəsində 7 sərnişin yüngül xəsarət aldığı bildirilir.

Yaralılardan 5-i kişi, ikisi qadındır.
Qəza nəticəsində xəsarət alanlar təcili yardım həkimləri vasitəsilə 3 saylı Sabunçu xəstəxanasına aparılıblar.
 
 *09:59
 
Bakıda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Maştağa qəsəbəsi ərazisində baş verib.

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Mitsubishi-Pajero” və "VAZ 2107” markalı avtomobillərlə toqquşub.

Hadisə nəticəsində sərnişin avtobusu və "Mitsubishi-Pajero” körpüdən aşıb. Hadisə nəticəsində altı nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.