Xəbər verdiyimiz kimi, aylar əvvəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparan valideynlərin hesabları silinib.
Qaynarinfo-nun məlumatına görə, bağçalarda təhsil almaq növbəsi gözləyən minlərlə uşaq bu hüquqdan məhrum edilib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə www.bq.edu.az-dan əvvəlcədən qeydiyyatdan keçən valideynlərin uşaqları üçün heç bir tədbir görmür. Yalnız iyulun 26-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi "finiş fiti"ni çalan kimi bağçalarda qəbul başlanılıb. Üzərindən 4 gün keçəndən sonra qəbul planı dolub.
Bağçalarda qəbulda priorilitet yerlə bağlı da müəmmalar var.
Məsələn, 98 saylı bağçada 30 iyulda qeydiyyatdan keçən valideynə 35 boş yerə görə priorilitet yeri 126, ümumi növbə yeri 129 göstərilib. Hazırda isə priorilitet yer 74, ümumi növbə yeri 74 göstərilir. 17 yer ortada yoxa çıxıb.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sorğumuza belə cavab verilib:
"Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron formada aparılır. Qaydalara uyğun olaraq valideyn bq.edu.az saytı vasitəsilə növbə yaradır. Müraciət olunan bağçada boş yer olarsa, növbə sorğuya keçir, yəni uşaq məktəbəqədər təhsil müəssisəsinə qəbul edilir. Proses zamanı növbənin yaradılma vaxtı (saat, dəqiqə və saniyə də nəzərə alınmaqla) əsas rol oynayır.
Mövcud qaydaların tələblərinə uyğun olaraq növbəyə yazılmış digər valideynlərin hüquqlarının qorunması üçün vətəndaşa növbəsini gözləmək tövsiyə edilir. Bununla yanaşı vətəndaş müvafiq elektron sistem vasitəsilə boş yerlərin olduğu bağçalara müraciət edə bilər.
Qeyd edirik ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin tələbindən irəli gələrək yeni qrupların komplektləşdirilməsi məqsədilə mayın 24-dən etibarən sistemə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. Çünki uşaqlar böyüdükcə onların qrupdan-qrupa keçirilməsi yaşlarına uyğun tənzimlənir. Yaş artdıqca qrupların dəyişdirilməsi zərurəti, eləcə də valideynin yeni bir bağça seçimi ehtimalı olduğundan bu addımı atmaq zərurəti yaranır.
Qeyd edirik ki, bir valideyn hər uşaq üçün eyni vaxtda 3 növbə yarada bilər. Növbələrdən biri sorğuya keçdikdə digəriləri avtomatik olaraq silinir. Nəticədə kiminsə növbədəki yerində dəyişikliklər ola bilər".
Əhməd
Şərhlər