Ekonomiks 11:50 28.12.2013

Bakıda bayram yarmarkaları başladı

Bu gün Bakı şəhərində, bin neçə yerdə Yeni İl bayramı ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə yarmarkalar başlayıb.

Yarmarkalar İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

 «APA-Economics»in məlumatına görə, paytaxtın Əhmədli qəsəbəsində, «Bakı» kinoteatrı yaxınlığında keçirilən yarmarkada kənd təsərrüfatı naziri Heydər Əsədov da iştirak edib. O, yarmarkada satışa çıxarılan kənd təsərrüfatı məhsullarına baxış keçirib, alıcıları və satıcıları dinləyib. H.Əsədov bildirib ki, bir neçə gün öncə bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətinin qalxmasına baxmayaraq, bu gün təşkil olunan yarmarkada qiymətlərin endiyi müşahidə etmək olar.

Son zamanlar daxili bazarda kartofun bahalaşmasına münasibət bildirən nazir qeyd edib ki, hazırda bu məhsulun 1 kq-ı 70 qəpiyə satışa çıxarılıb: «Satıcılara müraciət edərək bildirmək istərdim ki, kənd təsərrüfatı məhsullarını ucuz satsınlar. Çünki sabah qiymətlər bundan da ucuz olacaq. Məhsullarınızı yaxşı satmaq və yaxşı gəlir əldə etmək üçün onları ucuz satın».

H.Əsədov əlavə edib ki, Bakı şəhərinə kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilib. Ona görə də yarmarkalarda ucuzluq müşahidə olunacaq. Nazir vurğulayıb ki, kartofun qiymətinin 1 manatdan yuxarı olması müvəqqəti hal olub və bu məhsulun qiyməti əvvəlki vəziyyətə qaytarılacaq.

Qaynar.info