Ölkə 20:26 24.01.2018

Bakıda cinayət hadisələrinin sayı artıb

 Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin sayı artıb.

"Report”un xəbərinə görə, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən geniş kollegiya iclasında məlumat verilib.

Qeyd edilib ki, 2017-ci ildə 2016-cı illə (11940) müqayisədə 182 fakt artaraq 12122 hadisə qeydə alınıb, onların açılma faizi 4,1% artaraq 80%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 120 hadisə və ya 3,4% azalaraq 1890 olub.

2016-cı illə müqayisədə hesabat ilində qəsdən adam öldürmə cinayətlərinin sayı 3 fakt azalaraq 59 olub, həmin hadisələrdən 1-i istisna olmaqla, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin və 38 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.

2017-ci ildə 2016-cı ilə nisbətən 13 quldurluq hadisəsi az baş verməklə hadisələrin sayı 68 olmuş, onlardan 8-i bağlı qalıb.

Ölümlə nəticələnən 203 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdən 1-i bağlı qalıb.

Şəhərin prokurorluq orqanlarının icraatında olmuş 1047 işdən 563-ü, daxili işlər orqanlarının istintaq şöbələrinin icraatında olan 14432 cinayət işindən 5003-nün istintaqı tamamlanıb.

Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon 437 min manat maddi ziyandan 18,1%-i, yəni 443 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 30 milyon 194 min manat maddi ziyandan 85,7%-i, yəni 25 milyon 880 min manatı istintaq zamanı ödətdirilib.