Foto 14:40 30.10.2017

Qarabağ küçəsinin sakinləri "ALF Group"dan narazılıq edir (FOTO/VİDEO)

Nərimanov rayonu Qarabağ küçəsi 35 ünvanında yerləşən həyət evləri sökülür.

"Qaynarinfo"nun məlumatına görə, dünən Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri və "ALF Group" şirkətinin rəhbərləri sakinlərlə görüşüb.

Onlara həyət evlərinin yerində tikiləcək hündürmərtəbəli binada təmirli evlər veriləcək. Bina tikilənə qədər isə sakinlərə kirayədə qalmaları üçün aylıq 300-500 manat məbləğində kirayə haqqı ödəniləcək. İcra Hakimiyyəti sakinlərə sənədlərini təqdim etmələri üçün 15 gün vaxt verib.


Sakin Elşən Sarıyev "Qaynarinfo"ya açıqlamasında layihəni dəstəklədiklərini, lakin şirkətin verdiyi vədə əməl edəcəyinə heç kəsin zəmanət vermədiyini bildirib:

"Bizə deyirlər ki, 15 gün müddətində sənədlərinizi təqdim edib müqavilənizi bağlayın və kirayəyə çıxın. Evimizin kvadratına görə, yeni binada 20-25 faiz artıqlaması ilə təmirli evlər veriləcəyini deyirlər. Kirayəyə çıxanda da 2 il müddətinə, 300 manatdan 500 manata qədər kirayə haqqı verilir. Bizim hər birimiz bu layihəni yaxşı qarşılayırıq. Amma proses şəffaf aparılsa yaxşı olar. Mən də razıyam ki, birmərtəbəli evdə qalmaqdansa, təmirli bir binada qalmaq daha yaxşıdı. Amma bizimlə müqavilə bağlayan şirkət sabah pis vəziyyətə düşsə, binanın tikintisi gecikdirilsə, çöllərdə qalacağıq. Buna heç kim təminat vermir. Şirkət 2 illiyinə mənim kirayə pulumu ödəyəcəyini deyir, amma binanın tikintisi gecikdirilsə, mən öz cibimizdən xərc çəkib kirayələrdə qalacağam. Bizim tələbimiz odur ki, şirkət müqaviləni notariat qaydada bağlasın. Belə olsa, gələcəkdə əlimizdə sənəd olar ki, evimizi filan şirkətə təhvil vermişik".


"Alf Group" şirkətinin təsisçisi Razi Rzayev isə təklif edilən şərtlərin normal olduğunu deyir:

"Evlərin əksəriyyəti birmərtəbəlidir və pis vəziyyətdədir. Bu layihə prezidentin tapşırığı ilə həyata keçirilir. Həmin evlərin yerində hündürmərtəbəli bina tikiləcək. Sakinlərin evlərinin kvadratı nə qədərdirsə, binadan onlara 25 faiz də artıqlaması ilə tam təmirli evlər veriləcək. Biz sakinlərə kvadrata görə, pul vermirik. Bu, pilot layihədir və dediyim kimi bu evlərin yerində bina tikiləcək".


Çingiz Səfərli

Qaynarinfo.Az