Ölkə 23:59 22.05.2019

Bakıda etiraz aksiyası keçirildi (FOTO)

Bu gün Rusiyanın Bakıdakı səfirliyinin qarşısında azərbaycanlı jurnalist Fuad Abbasovun deportasiya edilməsi məqsədilə Moskvada saxlanmasına etiraz olaraq aksiya keçirilib.

Aksiya iştirakçıları jurnalistə qarşı zorakılığı pisləyiblər və bu hərəkətləri törədən hüquq mühafizəçilərinin cəzalandırılmasını tələb ediblər.

"Fuad Abbasovu Moskvada sanki terrorçu kimi saxlayıblar, bir neçə gün keçib, ancaq nə XİN, nə də Azərbaycanın digər strukturları buna reaksiya verməyiblər", - aksiyanın təşkilatçısı, Avropa Hərəkatının Prezidenti Ramin Hacılı bildirib.

Polis jurnalistlərin çəkiliş aparmasına mane olub və digər əngəllər törədib, iştirakçılar bildiriblər.

Aksiya təşkilatçılarının sözlərinə görə, səfirliyin nümayəndsi etirazçıların qarşısına çıxaraq onları dinləyib.

Rusiyanın Bakıdakı səfirliyinin mətbuat xidmətindən F.Abbasovun məsələsilə bağlı Turan-ın sorğusuna cavab olaraq deyiblər ki, diplomatik missiya hadisələrin inkişafını izləyir, ancaq şərh üçün Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət etməyi tövsiyə ediblər.

Azərbaycanın Rusiyadakı səfirliyindən və Bakıdakı rəsmi orqanlardan şərh almaq mümkün olmayıb.

Mayın 22-də Bakıda Beynəlxalq Diaspor Mərkəzində F.Abbasovun müdafiəsilə bağlı tədbir olub.

Jurnalistin vəkili Elman Paşayevin sözlərinə görə, F.Abbasov mayın 16-da Moskvada saxlanılıb. FTB-nin təqdimatı ilə F.Abbasovun Rusiyada müvəqqəti yaşamaq icazəsi ləğv edilib.

F.Abbasov saxlanılarkən fiziki zorakılığa məruz qalıb və mayın 28-də onu Bakıya deportasiya edə bilərlər.

Tədbirdə F.Abbasovun Moskvada əslən Azərbaycandan olan hansısa oliqarxın sifarişi ilə saxlanması barədə fikirlər söylənilib.

F.Abbasovun hüquqlarının müdafiəsilə bağlı tədbirlər müzakirə olunub.

Jurnalist F.Abbasov 2015-ci ildə Rusiya telekanallarnda Rusiya hərbi təyyarəsinin Türkiyədə məhv edilməsinin müzakirəsinə dair tok-şoulardakı çıxışları ilə tanınır.

F.Abbasov Türkiyənin mövqeyini açıqlamaq üçün İhlas agentliyinin müxbiri kimi dəvət edilmişdi.

Sonradan o, Azərbaycana dair məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edib.

Son vaxtlar F.Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını soydaşlarının maraqlarını yetərincə müdafiə etməməyə görə tənqid edib, onları ermənilərlə əməkdaşlıqda suçlayıb və Rusiyada azərbaycanlıların partiya yaradacağını anons edib.