Foto 15:17 06.08.2019

Bakıda külək teatr binasının damını da uçurdu (FOTO/VDEO)

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda güclü küləyin yaratdığı fəsadlar və dağıntılarla bağlı açıqlama yayıb.  

Qaynarinfo-ya daxil olan məlumatda bildirilib ki, müraciətlərə əsasən, 5 avqust 2019-cu il tarixində Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupları müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər. 

Belə ki, qeyd edilən tarixdə Bakı şəhər Nərimanov, Nəsimi və Yasamal rayonlarında ağacların aşması nəticəsində sakinlərin piyada və avtonəqliyyat vasitələri ilə sərbəst hərəkəti məhdudlaşıb. Hadisə yerinə gedən xilasedici qruplar təhlükəsizlik qaydalarına riayət etməklə ağacların qırılmış hissələrini doğrayaraq kənara çəkib və vətəndaşların təhlükəsiz hərəkətini təmin ediblər.

Bundan əlavə, paytaxtın Səbail rayonunda yerləşən Azərbaycan Dövlət Musiqili Teatrının binasının damında dəmir şiferin qopması nəticəsində bina sakinləri üçün təhlükəli vəziyyət yaranıb. 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir şiferi kəsib kənarlaşdırıblar. Həmçinin, Nəsimi rayonu ərazisində çoxmənzilli yaşayış binasının damında külək nəticəsində alkaponun bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması bina sakinlərinin həyatı üçün təhlükə yaradıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri 7 mərtəbəli yaşayış binasının damına çıxaraq alkaponu kəsib kənarlaşdıraraq təhlükəsizliyi təmin ediblər.