Ölkə 21:55 07.09.2018

Bakıda parkomat nəzarətçilərinə ödəniş edilməlidirmi? (VİDEO)

Bakı şəhərinin əksər küçə və prospektlərində nəzarətçilər tərəfindən sürücülərdən parklanmaya görə ödəniş alınır.

Bu pulun alınması qanunidirmi? Vətəndaşlar bu pulu verməyə bilərmi?

Xezerxeber.az-ın məlumatına görə, Bakıda əllərində xüsusi avadanlıq olan nəzarətçilər parklanamaya görə sürücülərdən pul yığır, hətta buna görə qəbz də verirlər.

Nəzarətçilərin köyənəklərinin və vəsiqələrinin üzərinə Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi yazılıb, amma hələ aprel ayından parkomatlara nəzarət bu qurumdan alınaraq Bakı Nəqliyyat Agentliyinə verilib. Üstəlik, bu nəzarətçilərin heç bir səlahiyyəti də yoxdur.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin sözçüsü Nailə Məmmədovanın verdiyi məlumata görə, parkomatlara nəzarət icra hakimiyyəti tərəfindən edilmir, sadəcə ola bilər ki, həmin nəzarətçilərə yeni forma verilmədiyindən onlar köhnə formalarını geyinirlər. Yəni ödənişlər Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən toplanılmır.

Bakı Nəqliyyat Agentlyinin sözçüsü Mais Ağayevin verdiyi məlumata görə isə, təhvil-təslim prosesi hələ yekunlaşmadığından parkomatlara nəzarəti onların əməkdaşları da etmir.

Əvvəllər bu sahəyə nəzərət edən Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsində isə nəzarətçidən başqa heç kimi tapa bilmədik.

Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, əslində, parkomatlara nəzarət Bakı Nəqliyyat Agentliyi tərəfindən edilməli olsa da təhvil-təslim olmadığından hər hansı başqa qurumun sürücülərdən ödəniş toplaması absurddur. Bundan başqa, parklanamaya görə rüsumun məbləği Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir.

Qeyd edək ki, hazırda paytaxt yollarının kənarında 300-dən çox parkomat var.