Ölkə 13:08 19.01.2022

Bakıda şirkət əməkdaşı qəza törətdi: 3 nəfər öldü (YENİLƏNİB)

Daxili İşlər Nazirliyi (DİN) Bakının Binəqədi rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya daxil olan məlumatda deyilir:

"Yanvarın 18-də saat 7 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri - F.Əsədovun idarə etdiyi "Hyundai” və Elşən Eyvazovun idarə etdiyi "VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə E.Eyvazov və sərnişinləri - Xanəhməd Əlibəyov və Zaur Həsənov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən digər bir sərnişinin vəziyyəti qənaətbəxşdir.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
 
09.57

Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölüb.

"Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 18-i saat 07:17 radələrində paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi "Səba” ASC-yə məxsus "Hyundai” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi "VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə E.Eyvazov, onun sərnişinləri – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.