Foto 13:17 25.01.2018

Bakının 18 əsrlik kəndi: burda yaşamaq istəyənin yaxşı pulu olmalıdır (FOTOLAR)

Gəlin əvvəldən yox, bir az ortadan başlayaq. Elə ki, Heydər Əliyev adına Hava limanını keçirsən, ciyərlərin Bakının çirklənmiş havası ilə yox, təmiz hava ilə qarşılaşırsa, o zaman Bakı kəndlərinə xoş gəlmisən demək olar. Azərbaycanda "kənd" deyəndə, ağlımıza çay, meşə və dağ-dərə gəlir. Lakin Bakı kəndləri bütün bu fikirlərin üstündə bir anlayışdır.
 
Qaynarinfo sizə Bakının ən qədim kəndlərindən olan Buzovnadan reportajı təqdim edir.

Qeyd etdiyim kimi, Buzovnaya daxil olduğum an buranın təmiz havası məni necə məst etdisə, elə bütün yazı boyu havanı mədh etmək barədə düşündüm. Tarixçilər deyir ki, əhali eramızdan əvvəl III əsrdə Buzovnada yerləşməyə başlayıb və onlar köçəri həyat sürüblər. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürüb, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olublar. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşıb və təsərrüfat ilə məşğul olublar. Yay aylarında isə onlar dağlara çəkiliblər. 

Sizə Buzovnanın tarixindən uzun-uzadı danışmaq fikrim yoxdu. Buzovnada məni dostum Fuad qarşıladı. Əslində, məni burdan reportaj hazırlamağa da Fuadın Buzovna sevgisi həvəsləndirdi. Müasir binalar, təmiz və səliqəli küçələrdən keçib birdən özümü böyük və rəngarəng villaların arasında tapdım. Fuadın təbrincə desək, bu cənnət məkana sonradan köçüb yaşamaq istəyirsinizsə, mütləq şəkildə çox yaxşı pulunuz olmalıdır. 
 

 
Fuaddan "Buzovna başqa Bakı kəndlərindən nə ilə fərqlənir" deyə soruşdum. Cavabı maraqlı oldu:

"Başqa kəndlərdə yaşamamışam deyə, müqayisə etmək düzgün olmaz. Amma Buzovnanın özü haqında onu deyə bilərəm ki, bura kontrastlar kəndidir. Buzovna həm kənddir, həm də Sovet dövrünün dili ilə desək, şəhər tipli qəsəbədir. Burada həmişə çox millətli yaşayış olub deyə, mədəniyyətlərə qarşı, hətta insanların davranış və görünüşlərinə qarşı tolerantlıq var". 

Bir meyaxanaçı dostum deyirdi ki, Buzovnada tez-tez "Məclisi-üns"lər olur... Ədəbiyyatı sevənlər və şairlər bu məclislərdə mənəviyyatlarını zənginləşdirirlər. Mən də Fuaddan onların məşhur şairlərindən kimləri tanıdğını, ümumiyyətlə, şeir və qəzələ əhalinin münasibətini soruşdum. Fuad isə Buzovnada hər 5 nəfərdən birinin qəzəl və ya şeir yazdığını dedi:

"Burada şeir-qəzəl yazmaq o qədər yayılıb ki, hər 5 nəfərdən birinin qəzəlləri var. Ən məşhurlardan Azər Buzovnalının adını çəkə bilərəm. Əliağa Vahidin müəllimi, yol göstərəni olub. İndi isə Arif Buzovnalı gözəl qəzəllər yazır. Elə biz özümüz də çayçıda oturub, şeirlər deyirik".
 


Fuadın dediyi kimi, kəndin içinə doğru irəlilədikcə buranın kontrastlar kəndi olduğuna daha da əmin olursan. Müasir tipli yeni binaların yanında qarşına balaca bir kənd evi çıxa bilir. Elə insanlar da bu təsiri bağışlayır. Kənd və şəhərin birləşdiyi Buzovnada sən demə, əvvəllər çox məşhur diskotekalar olurmuş. Mıən də deyirəm Fuadın musiqi zövqü niyə bu qədər inkişaf edib? Bu bərədə daha maraqlı məlumatları sakinin dilindən eşidək:
 
"Buzovnanın 90-cı illərdə ən məşhur diskotekalarından biri Buzovna Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərirdi. Həmin dövrlərdə Bakıda əyləncə məkanları az idi. Hətta şəhərdən bura qonaqlar gəlirdi. Dj Kamal isə o dövrlərin ən tanınmış Dj-lərindən idi. Daha sonra Buzovnada, indi Zaqulba adlanan yerdə "Qalas party"lər başladı. Burada "texno trans" musiqilər olurdu. Həmin vaxtlarda dəniz kənarı maşınlarla dolu olardı və diskoteka səhərə kimi davam edirdi. Şəhərdən, hətta Bakının başqa kəndlərindən hər kəs gəlirdi bura. Sonra artıq şəhərdə yeni diskotekalar, əyləncə mərkəzləri açıldı və insanlar bura daha az gəlməyə başladı. Zaqulba disco klubu isə uzun müddətdir işləmir. İndi xarabaxana kimi yer olub. Lakin buna baxmayaraq, yenə də əyləncə yerləri var. "Zaqulba Moll"da sinema klub, qayaların üstündə restoranlar fəaliyyət göstərir".
 
Bütün bunları dinlədikcə və əsrarəngiz təbiətə malik olan bu kəndi gəzdikcə, anladım ki, biz bir vaxtlar yuxarılara doğru irəliləyirmişik. İndi isə deyəsən, düşüncəmizə layiq olan yerə sürüklənirik.

Lalə Niftaliyeva
Fotolar: Fuad Rüstəmzadə