Foto 19:30 07.02.2019

Bakının 20 kilometrliyində insanların "18-ci əsrdə" yaşadıqları qəsəbə var (FOTO)

"Nə işığımız, nə qazımız, nə suyumuz var, bu, bir kənara, heç yolumuz və marşrutumuz da yoxdur"

Abşeron rayonunun Qobu qəsəbəsi Bakıdan 20 kilometr uzaqlıqda yerləşir. Məsafəcə çox uzaq olmasa da, görünür ki, qəsəbə gözdən uzaq olduğu üçün könüllərdən də uzaqda qalıb. Qobu qəsəbəsindəki yeni yaşayış məntəqəsinin sakinləri iddia edirlər ki, "uzaq" olduqları üçün problemləri ilə bağlı müraciət etdikləri qurumlar da onların səsini eşitmir.

Sputnik Azərbaycan-ın əməkdaşı bir qrup qəsəbə sakininin müraciəti əsasında Qobu qəsəbəsindəki yeni yaşayış məntəqəsinə gedərək sakinlərin problemlərinə işıq tutmağa çalışıb.

Əvvəlcədən onu qeyd edək ki, Qobuya gedən yol çoxdan sıradan çıxıb. Kələ-kötür yollardan keçərək qəsəbəyə getmək bizə heç də asan başa gəlmədi. Yarı yolda avtomobilimizin təkəri sıradan çıxdı. Qəsəbə sakinlərinin yardımı ilə təkəri dəyişib, yola davam etdik. Problemlərini dilə gətirmək üçün bir yerə toplaşmış sakinlər də dedilər ki, yol problemi onların ən ağrılı yeridir.


Yaşayış məntəqəsinə nə normal çəkilmiş yol var, nə də marşrut. Buna görə də, məntəqədə yaşayan uşaqlar məktəbə qədər 1 saat piyada yol getməyə məcbur qalırlar. Sakinlərin sözlərinə görə, bu problemlə bağlı müxtəlif qurumlara müraciət ediblər, amma heç kim onların vəziyyəti ilə maraqlanmayıb.

Yeni yaşayış məntəqəsinin sakini Qənirə Şirinovanın sözlərinə görə, onlar 3 ildir ki, bu ərazidə problemlərlə baş-başa yaşayırlar: "3 nəvəm var, ancaq onları böyüdə bilmirəm. Nə işığımız, nə qazımız, nə də suyumuz var. Bu, bir kənara, yolumuz, marşrutumuz belə, yoxdur. Uşaqlarımız məktəbə piyada gedib-gəlirlər. Bilmirik, dərdimizi kimə deyək".

Sakin qeyd edib ki, ərazidə qaz olmadığına görə hamı odun yandırır: "Qış günü istiliksiz qalmışıq. Hamı məcbur olub, odun yandırır. Odunun da maşını 150-200 manatdır. Bir maşın odun heç bir ay çatmır. Yorulmuşuq, bezmişik artıq".


Digər sakin Gülçöhrə Məmmədova isə bildirib ki, 2008-ci ildə qəsəbədəki evi qısaqapanma nəticəsində yanıb: "Həmin hadisədən sonra o vaxtkı bələdiyyə sədri Mübariz Bayramovdan bu ərazidə torpaq alıb ev tikdik. Aradan 8 ilə qədər zaman keçməsinə baxmayaraq, yaşadığımız məntəqəyə qaz, su və elektrik enerjisi çəkilməyib. Qarşılaşdığımız problemlərlə bağlı keçmiş icra başçısı Zakir Fərəcova da müraciət etmişdik. Lakin əlac edən olmadı".

Qeyd edək ki, Qobu qəsəbəsi yeni yaşayış məntəqəsində 40-a yaxın fərdi ev var və onlarla ailə bu evlərdə yaşayır. Sakinlərin iddia etdiklərinə görə, məsələ ilə bağlı "Azəriqaz" İB-nə, SOCAR rəhbərliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə etdikləri müraciətlərinə ancaq bir cavab verilir: "Sizin evlərə qaz çəkilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmayıb. Qaz çəkilməsi əhalinin öz hesabına baş tuta bilər. Müvafiq dövlət proqramında nəzərdə tutulmamış yeni yaşayış sahələrinin və ya güzəştli şərtlərlə fərdi yaşayış evlərinin qazlaşdırılması üçün "Azəriqaz" İB-nə maliyyə vəsaiti ayrılmır".


Sakinlərin özlərinin isə qaz xəttini evlərinə qədər çəkməyə maddi imkanları yoxdur: "Burada yaşayanların əksəriyyəti imkansız ailələrdir. Hər birimiz gündəlik çörək pulumuzu zorla qazanırıq. Qaz kəməri isə evlərimizdən 400-450 metrlik məsafədən keçir. Yəni faktiki olaraq öz hesabımıza qaz çəkdirmək imkanımız yoxdur".

Qobu qəsəbəsindəki yeni yaşayış məntəqəsinin sakinləri yolun çəkilməsi, elektrik enerjisinin verilməsi ilə yanaşı, məntəqəyə su verilməsini də arzu edirlər. Dediklərinə görə, məntəqədə su olmadığı üçün suyu da maşınlarla alırlar.

Sakinlərin şikayətlərini dinlədikdən sonra aidiyyəti qurumlardan yaşayış məntəqəsindəki problemlərin nə zaman aradan qalxacağını soruşduq.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, vətəndaşlar yeni yaşayış məntəqəsinə elektrik şəbəkəsinin qoyulması üçün "Azərişıq" ASC-yə və ASAN xidmətə müraciət etməlidirlər: "Vətəndaşlar torpaq alıb, ev tikdikləri zaman ərazidə kommunal xidmətlərin olub-olmaması ilə maraqlanmalıdırlar. Görünür ki, qəsəbə sakinləri bununla maraqlanmayıblar".

"Belə olan halda, sakinlər birlikdə müraciət etməlidirlər. Bundan sonra qurumun nümayəndələri əraziyə baxış keçirməli və şəbəkənin qoyulması üçün müəyyən razılığa gəlməlidirlər. Biz bütün vətəndaşlarımızın razılığını təmin etmək üçün çalışırıq" – deyə T.Mustafayev vurğulayıb.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə deyib ki, bu məsələ ilə bağlı vətəndaşlar "ASAN Kommunal"a müraciət etməlidirlər: ""ASAN Kommunal"da evlərin öz vəsaitləri hesabına qazlaşdırılması ilə bağlı razılaşdırma protokolu ilə tanış olandan sonra evlərinə öz vəsaitləri hesabına qaz çəkilə bilərlər. Qazlaşma işləri lisenziyası olan podratçı şirkət tərəfindən həyata keçirilir".

Onun sözlərinə görə, Qobu qəsəbəsi, əsasən qazla təmin edilib: "Amma sonradan yeni yaşayış evləri və yaşayış sahələri salınıb. Və həmin sahələrin qazlaşdırılması üçün "Azəriqaz" İstehsalat Birliyinə vəsait ayrılmayıb. Vətəndaşlar həmin ərazilərin qazlaşdırılması üçün ya dövlət proqramını gözləməli, ya da "ASAN Kommunal"a müraciət etməlidirlər".

Məsələyə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) də mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı həmin əraziyə su çəkilməsi məsələsinin gündəlikdə olduğunu dedi.

"Son zamanlar bir sıra yeni yaşayış məntəqələrinə içməli su xətləri çəkilib və qeyd etdiyiniz ərazi də planda var. Lakin oraya nə zaman su çəkiləcəyi barədə konkret tarix açıqlaya bilmərəm" - deyə o vurğuladı.

Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli isə bildirdi ki, 2018-ci ildə Hökməli-Qobu-Lökbatan yolu dövlət vəsaiti hesabına yenidən qurulub: "Hazırda Hökməli-Qobu-Güzdək-Puta yolunun yenidən qurulması işinə hazırlıqlar görülür. Haqqında danışdığımız ərazi isə Qobu qəsəbəsinin tam məskunlaşma getməyən yeni yaşayış massividir".

RİH rəsmisi, həmçinin onu da qeyd edib ki, ötən il Qobu qəsəbə sakinlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qəsəbədə 110/10-kvatlıq yarımstansiya tikilərək istifadəyə verilib: "Maye qaz təminatının yaxşılaşdırılması üçün isə Lökbatan QPS-dən 7 kilometr uzunluğunda daşıyıcı ana xətt çəkilib".

S.Qasımbəylinin sözlərinə görə, "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayonun yeni yaşayış massivlərində, eləcə də Qobu qəsəbəsində yeni salınmış yaşayış ərazilərində kommunal xətlərin çəkilməsinin, yeni şəbəkələrin qurulmasının müvafiq xidmət təşkilatları tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.