Foto 09:55 19.03.2018

Bakının bu prospektində hərəkət iflic oldu (FOTO/YENİLƏNİB)

Bakıda keçirilən Novruz şənlikləri ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində tıxaclar yaranıb.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda həm şəhərin mərkəzinə Azneft dairəsindən daxil olan yolda, həm də Nobel prospekti istiqamətində avtomobillərin sıxlığı müşahidə olunmaqdadır. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) sözçüsü, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu gün saat 8:00-dan Azneft dairəsindən Neftçilər prospekti istiqamətində dənizkənarı bulvar boyu kəsişən və paralel küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub, istiqamət dəyişdirilib. Bu məhdudiyyət saat 13:00-dək davam edəcək. 

Bundan başqa, İçərişəhərdən başlayaraq Qız qalası istiqamətində və dənizkənarı bulvarda keçiriləcək bayran tədbirlərinə qatılan əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 14-cü kilometr, 20-ci sahə dairəsi və bayraq meydanı istiqamətindən avtomobillərin şəhərə girişinə məhdudiyyət qoyulub. 
 
****
Bakıda böyük tıxac yaranıb.

Qaynarinfo xəbər verir ki, səhər saatlarından etibarən Xətai rayonu Nobel prospektində hərəkət iflic olub. Vətəndaşların bildirdiyinə görə, bayram tədbiri ilə əlaqədar olaraq yolu bağlayıblar. Aidiyyatı qurumlardan hələlik bununla bağlı açıqlama verilməyib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Avtomobil Yolları Dövlət Agentliyindən verilmiş məlumata görə, sözügedən prospektdə, xüsusilə Nargilə dairəsi kimi tanınan ərazidə yol hərəkətinin təşkilində dəyişiklik ediləcək. Belə ki, axşam saatlarında tıxac yaradan geriyə dönmə nişanı müvəqqəti ləğv olunacaq.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, məqsəd piyada keçidi yaxınlığındakı yeni geriyədönmənin effektiv olub olmamasını yoxlamaqdır. Əgər dəyişikliyin faydası olmasa həmin ərazidə tıxacı azaltmaq üçün başqa həll yolları düşünüləcək.