Xəbər lenti

Bakının yağışla başlayan və bitməyən nəqliyyat dərdi: nə vaxt düzələcək?
Ölkə 12:35 05.10.2017

Bakının yağışla başlayan və bitməyən nəqliyyat dərdi: nə vaxt düzələcək?

Son günlər yağan aramsız yağışlar paytaxtda bir sıra problemlərin yaranmasına gətirib çıxarıb.

Kanalizasiya problemi, küçələri su basması biryana, bəzi marşrutlarlar üzrə hərəkət edən sərnişin avtobusları da onlar üçün təyin olunmuş hərəkət trayektoriyasından kənara çıxırlar. Sürücülər bunu gedilən yolda tıxacların olması və ya yağış səbəbindən bəzi küçələrin keçilməz olması ilə əlaqələndirirlər.

Sürücülərin öz qərarları ilə alternativ yollardan istifadə etməsi isə onlarla insanın saatlarla yağış altında qalmasına səbəb olur. Bu halda marşrutun gəlmə vaxtını öyrənmək üçün hər kəs dayanacaqlardakı monitorlara boylanır, lakin əksər dayanacaqlarda quraşdırılan monitorlar da işlək vəziyyətdə deyil. Külli miqdarda vəsait hesabına quraşdırılan monitorların demək olar ki, 80-90 faizi işləmir. Necə deyərlər, monitor var, görüntü yox...


Problemlərin səbəblərini araşdırmaq üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. Qurum rəsmisi "Qaynarinfo”ya açıqlamasında sürücülərin öz qərarları ilə alternativ yollardan istifadə etməsinin yolverilməz olduğunu, monitor probleminin isə aradan qaldırılmasına çalışdıqlarını bildirdi:

"Hər bir sərnişin avtousu üçün marşrut xətti əvvəlcədən müəyyənləşdirilib və həmin xəttlə getmək sürücünün borcudur. Əgər, marşrutun hərəkət istiqamətində yol tənzimləyiciləri tərəfindən digər yollara yönləndirilmə varsa və yaxud həmin yolda qəza baş veribsə, o zaman sürücü alternativ yoldan istifadə edə bilər. Digər hallarda bu, yolverilməzdir və sürücü buna görə məsuliyyət daşıyır. Monitorlar isə BNA yaranmamışdan öncə quraşdırılıb. Agentlik yarananda nəqliyyatdakı çatışmazlıqlar və problemlərlə əlaqədar bir sıra təhlillər aparılıb ki, buraya dayanacaqlarda quraşdırılan monitorların vəziyyəti ilə bağlı çatışmazlıqlar da daxil edilmişdi. Monitorlardakı problemlər bizim tərəfimizdən də müəyyənləşdirilib və onların həlli istiqamətində də işlər aparılır. Lakin, dediyim kimi sözügedən monitorlar agentlik yaranandan öncə quraşdırılıb”.


Nəqliyyatdakı problemlərdən biri də əksər dayanacaqlarda karta pul yükləmək üçün terminalların olmamasıdır. Buna ən bariz nümunə kimi, Əhməd Rəcəbli küçəsini göstərmək olar. Küçə boyunca başdan-başa iş yerlərinin olduğunu nəzərə alsaq, axşamüstü evə tələsən insanların vəziyyəti heç də ürəkaçan olmur. Lakin BNA rəsmisi terminalların kifayət qədər olduğunu, lazım gələrsə sərnişinlərin metrostansiyalarda quraşdırılan terminallardan da istifadə edə biləcəyini söyləyib:

"Kart yükləmə aparatları bütün metrostansiyaların ərazisində var. Eyni zamanda vahid kart ödəmə sistemi ilə fəaliyyət göstərən marşrut avtobuslarının keçdiyi müəyyən dayanacaqlarda da BakıKart ödəmə terminalları fəaliyyət göstərir. Həmçinin BakıKart ödəmə terminalı MilliÖn aparatlarına da inteqrasiya olunub ki, sərnişinlər bu vasitə ilə də ödəniş edə bilərlər. Bəzən olur ki, hansısa terminalda texniki nasazlıq yaranır və belə bir məlumt daxil olan kimi bizim texniki personalımız əraziyə gedərək həmin texniki çatışmazlıq aradan qaldırılır".

Çingiz Səfərli

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->