Bakının yollarında tıxacların səbəbi araşdırılır

Bakının yollarında tıxacların səbəbi araşdırılır

Bakı Nəqliyyat Agentliyi (BNA) nəqliyyat vasitələrinin hərəkətində günün pik saatlarında sıxlıq müşahidə edilən ərazilərin təhlil edilərək araşdırılması işlərini davam etdirir. 

"Qaynarinfo" xəbər verir ki, bu barədə report-a BNA-nın mətbuat xidmətindən məlumat verilib.

Açıqlamaya görə, bu çərçivədə Təbriz və İ.Həsənoğlu küçələrinin kəsişməsi araşdırılıb, mövcud problemlərin həlli üçün təkliflər hazırlanıb.
Müəyyən edilib ki, İ.Həsənoğlu küçəsindən Təbriz küçəsi istiqamətində yolun iki hərəkət zolağından ibarət olması və sol zolağın sola dönən nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi, sola dönən və düzünə hərəkət edən nəqliyyat vasitələrinin işıqforun eyni fazasında hərəkət etmələri qeyd edilən yolayrıcında günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur. Eyni zamanda, Təbriz küçəsində piyada keçidinin olmaması piyadaların təhlükəsiz hərəkətinə imkan vermir.

BNA-nın mütəxəssisləri Həsənoğlu küçəsindən qərb və şərq istiqaməti üzrə cib şəkilli xüsusi sola dönmə zolağının təşkil edilməsi və sola dönən nəqliyyat vastələrinin hərəkətinin kanallaşdırılması barədə təklif hazırlayıblar. Təklifdə həmçinin, işıqfora sola dönmə fazasının əlavə edilməsi, Təbriz küçəsində piyada keçidinin təşkili də əksini tapıb.

Təkliflərin reallaşması ilə Həsənoğlu-Təbriz küçələrində nəqliyyat ləngimələrinin aradan qalxması, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, piyadaların rahatlığının təmin edilməsi mümkün olacaq.

Təklif baxılması üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.
 
Qaynarinfo.Az
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR