Ölkə 16:44 15.05.2019

Bakıya gələcək turistlər üçün sayt istifadəyə verildi

Azərbaycan Turizm Bürosu tərəfindən Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gələcək turistlər üçün veb-sayt hazırlanıb.

Qaynarinfo xəbər verir ki, Turizm Agentliyindən daxil olan məlumata görə, İnformativ xarakter daşıyan https://bakufinal.azerbaijan.travel/ ünvanında yerləşən saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib.

Bakıya uçuş həyata keçirən hava yolları şirkətlərinin birbaşa və çarter uçuşları barəsində məlumat yerləşdirilən saytda viza əldə etmək qaydaları və şərtləri, hotellər, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və burada təşkil olunacaq təhlükəsizlik tədbirləri barədə dolğun məlumat verilir.

Həmçinin Bakının turizm əhəmiyyətli məkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev mərkəzi, eyni zamanda milli kulinariya nümunələrinin dadına baxmaq üçün kafe və restoranlar, əyləncə məkanları haqqında məlumat verilir, paytaxt nəqliyyatının formaları, "Baku Card”dan istifadə qaydaları izah olunur.

Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb. Həmçinin dünya üzrə ölkələrin reytinqində terror təhlükəsinin ən az olduğu ölkələr sırasında Azərbaycanın adı ilk sıralardadır.