Ekonomiks 16:28 26.12.2017

Baku Business Factory: Bütün xidmətlər pulsuz göstərilir

"BBF-də (Bakı Biznes Fabriki – Baku Business Factory) layihələr müraciətlər əsasında qəbul olunur”.

Bunu "Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda bu gün keçirilən tədbirdə BBF-nin İdarə Heyətinin üzvü Anar Əskərov deyib.

A.Əskərovun sözlərinə görə, müraciətlərə BBF-nin İdarə Heyəti tərəfindən baxılır:

"Əgər sahibkar öz komandası ilə BBF-dən yer götürmək istəyirsə, onun layihəsi İdarə Heyəti tərəfindən nəzərdən keçirilir və qiymətləndirilir. Sonra isə həmin layihənin rəhbəri ya özü, ya da komandası ilə birlikdə BBF-yə dəvət olunur. Həmin layihənin hansı problemləri həll etdiyi və hansı istiqamətdə yenilikçi olduğu müzakirə olunur. İdeya mərhələsində təqdim olunan layihələrin biznes planlarını tərtib etmək üçün dəstək verəcək könüllülərimiz var”.

BBF rəsmisi qeyd edib ki, təmsil etdiyi qurumun bütün xidmətləri pulsuzdur:

"BBF bütün xidmətləri pulsuz göstərir və onu da qeyd edim ki, mərkəzimiz 24 saat işləyir. Bəzi layihələr var ki, sərbəst iş rejimi ilə çalışır. Onlar gecələr fəaliyyət göstərir. Ona görə də onlar üçün gecə işləmək imkanı yaradılıb. Onlar burada ofis masasından (mebelindən), çay-kofe, təqdimat otağından pulsuz istifadə edirlər. Bu günə qədər BBF-yə 950-dən çox layihə müraciət edib”.

A.Əskərov çıxışında BBF-də olan bir sıra layihələrin təqdimatını edib. O, təmsil etdiyi qurumun uğurunun necə qiymətləndirildiyini də açıqlayıb:

"BBF-nin uğuru layihələrin bizə gəlib, bizdən getməsi ilə ölçülür. Biz ona "graduation party” deyirik. Onların artıq imkanı olur ki, özlərinə ofis götürsünlər. Hesablamışıq ki, gənc sahibkarlar layihələrinə başlayırlar və iki il ərzində kapitallarının çox hissəsi ofis icarəsinə, "reseption”a və avadanlıqlara gedir. BBF də bu istiqamətdə dəstək göstərir ki, onlar da öz kapitallarını bizneslərinə yönəltsinlər”.

Daha sonra isə BBF-nin İdarə Heyətinin üzvü Anar Əskərov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Müraciətlərin əksəriyyəti konsaltinq xidmətləri, tədbirlərin təşkili və fəaliyyəti üçün ofis icarəsi ilə bağlı olub.

"BBF-yə müraciət etmək üçün www.bbf.az saytına daxil olmaq lazımdır. Hətta siz öz müştərinizlə görüş üçün bizim ofisimizi 1 günlük götürə bilərsiniz. Amma bunun üçün ən azı bir həftə öncədən müraciət etmək lazımdır. BBF bütün müraciətlərə açıqdır”, - Anar Əskərov bildirib.

A.Əskərov BBF-nin və layihələrin maliyyələşmə məsələləri ilə bağlı suallara da aydınlıq gətirib:

"BBF sosial layihədir. Beynəlxalq inkubasiya mərkəzlərinə nəzər yetirəndə, görürük ki, onların öz maliyyə dayanıqlığı var. Biz gələcəkdə uğur qazanan layihələrdən müəyyən dəstək ala biləcəyik. Gələcəkdə bu layihələrdən müəyyən faiz almaq niyyətindəyik”.

Qeyd edək ki, "Baku Business Factory” isə azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.