Sağlamlıq 15:55 25.09.2017

Balıq mövsümü başlayır: zəhərlənməkdən necə qorunaq? (MÜSAHİBƏ)

Havalar soyuduqca, balıq məhsullarına təlabat da artır. Balığın saysız-hesabsız faydaları ilə yanaşı, insan orqanizmi üçün ciddi təhlükələri də var. Söhbət balıq zəhərlənməsindən gedir. Bu səbəbdən hətta ölümlə nəticələnə biləcək balıq qidasına qarşı çox həssas olmaq lazımdır.

Balıq ətindən zəhərlənmə yaz və yay fəsillərində daha çox təsadüf olunur. İstidən balığın tərkibindəki maddələr biokimyəvi çevrilmələr nəticəsində orqanizm üçün zəhərli olan maddələrə çevrilir və bu da ağır fəsadlara yol açır. Bu o demək deyil ki, zəhərlənmələr ancaq yaz-yay aylarında olur. Soyuq aylarda da balıqdan zəhərlənmələrə az rastlanmır.

Balıq məhsullarını saxlayarkən onun yanında keyfiyyətsiz məhsulların olmamasına diqqət yetirmək tələb olunur. Balıq ətinin yanına qoyulmuş digər keyfiyyətsiz ət onu da xarab edə bilər. Mikrobların inkişafı və çoxalması xüsusilə rütubət şəraitdə sürətlənir. Zəhərlənməyə şərait yaradacaq balığı kəsən zamanı, istifadə olunan bıçaq başqa ərzaqlara dəyərsə, o belə zəhərlənməyə səbəb ola bilər.

Bəs xoşagəlməz hallardan qorunmaq üçün nə etmək lazımdır. “Qaynarinfo” bununla bağlı qastroentroloq Fərrux Nağıyevə müraciət edib.


- Hansı balıqlar zəhərlənməyə səbəb ola bilir? 

- Zəhərlənmələr əsasən okean balıqları və xarici mənşəli balıqlardan olur. Əgər balıq köhnədirsə, günəş şüası altında qalıbsa, ən xeyirli balıqlar belə zəhərləməyə səbəb ola bilər. Eyni zamanda, konservləşdirilmiş balıqlar da zəhərlənmə səbəblərindəndir.

- İnsanlar zəhərləndiklərini necə müəyyən edə bilərlər? 

- Balıq qidasından zəhərlənmə maksimum yarım sutka ərzində özünü büruzə verir. Zəhərlənmə özünü adətən ilkin vaxtlarda güclü ürək bulanması, baş dönməsi ilə göstərir. Kəskin hallarda huşunu itirmə, qıcolma və ən sonda şoka düşmə ilə nəticələnə bilir. 

- İlkin tibbi yardımı necə göstərmək olar?

- İlkin yardım kimi ilk 24 saat ərzində xəstənin qusmasını təmin etmək, bol miqdarda su içirmək lazımdır. Bunun ardından antibiotiklərdən istifadə etmək məsləhət görülür. Ancaq əgər zəhərlənmədən 24 saat keçibsə, qusma heç bir köməklik edə bilməz. Əgər ev şəraitində bu sadalananlarla xəstəni yaxşılaşdırmaq mümkün olarsa, sancı bağırsaqlara enər və ishal baş verə bilər. Bu zaman isə ishala qarşı dərmanlar istifadə etməklə bunun da qarşısını almaq mümkünmdür.

-Balığı hansı qida məhsulları ilə qarışdırmaq, birlikdə yemək olmaz? 

- Əsasən süd məhsulları ilə balıq yemək məsləhər görülmür. Çünki onların tərkibində bir-birinə zidd olan maddələr mövcuddur. Bu səbəbdən eyni vaxtda qəbul olunduğu halda zəhərlənmə halları baş verə bilir. 

Nərmin Həsənli

Qaynarinfo.Az