Ekonomiks 17:34 06.07.2019

Banklar niyə bahalı girovlar tələb edir? (ŞƏRH)

Azərbaycanda bankların sahibkarlar üçün təklif etdiyi kreditlərin şərtlərinin ağır olması ilə bağlı zaman-zaman narazılıqlar ifadə olunub. Amma problem həll olunmamış qalır. 

Bank rəhbərləri həmin kreditləri yüngülləşdirmək istiqamətində əhəmiyyətli addım atmağı düşünmür. Nəticədə də, bir çox sahibkarlar kredit ala bilmir, ala bilənlərdə əldə etdiyi qazancla yalnız bank faizlərini ödəyə bilirlər. Bu da nəticədə sahibkarlığın inkişafına böyük zərbə vurur. 

Durumu "Yeni Sabah”a şərh edən iqtisadçı ekspert Samir Əliyev qeyd edir ki, xüsusilə girov mexanizmi kreditləşmə ən üçün mühüm məsələlərdən biridir:

"Bir qayda olaraq, təminatlı kreditin faiz dərəcəsi digərlərinə müqayisədə aşağı olur və bu Azərbaycanda da belədir. Lakin Azərbaycanda ən yaxşı halda girovun 50%-i dəyərində kredit verilir. Məsələn, biz 100 minlik evi girov qismində qoyuruqsa, ən yaxşı halda bizə 50 min kredit verirlər. Amma xaricdə belə deyil. Onlar 100 minlik ev qoyurlarsa, onlara 200-300 min kredit verilir. Bunun səbəbi ,əlbətdə ki, girov mexanizmlərindəki  problemlərdir.

Ümumiliyyətlə,  girov ona görə qoyulur ki, müştəri krediti ödəyə bilməyəndə girov satılaraq müştəri banka ona olan borcunu ödəyir, yerdə qalan pul isə müştəridə qalır. 

Bizdə isə müştəri krediti ödəyə bilməyən zaman bank müştərini məhkəməyə verir. Sonra müştəri əks iddia qaldırır. Məhkəmənin qərarı ləğv olunur. Bu proses qarşılıqlı iddiamlar şəklində və 5-6 aydan tutmuş, bir ilə kimi davam edir. Girov qoyulan mülkün satılmasına ən aşağısı 6 ay tələb olunur. Buna görə də bizdə girov mexanizmi yaxşı işləmir. Məhkəmənin çıxartdığı qərarların keyfiyyətsiz və ədalətsiz olmasıda bu prosesdə böyük rol oynayır. Bu 2 proses bir-birilə bağlı məsələdir. Buna görə də girov mexanizmi tam yaxşı işləmir.

Amma banklar girov götürməyə məcburdurlar və qeyd etməliyəm ki, girov daha çox paytaxt Bakı və Bakıətrafı rayonlarından - Xırdalan, Sumqayıtdan götürülür. Lakin rayon və regionlardan girov götürmürlər, çünki girovu satmaqda çətinlik çəkirlər.

Amma onu da bildirim ki, yeni bir mexanizm işə düşüb. Bu  daşınan əmlakın yüklülüyü məsələsidir”.

Ekspert qeyd edir ki, bununla bağlı dövlət reysi də yaradılıb. "Biz danışırdıq daşınmaz əmlak barəsində evlər binalar, avtomobil və s. Misal üçün avtomobil keditə götürüləndə avtomobilin özü girov götürülür.

Daşınan əmlak dedikdə isə kompüter, telefon və yaxud sizin dövriyyəniz də ola bilər.

Məsələn bir sahibkar ayaqqabı mağazası işlədir. Ona kredit almaq lazımdır. Həmin sahibkar girov kimi öz dövriyyəsini, yəni ayaqqabını girov qoya bilər. Bu qanunvericilik bazasında qəbul olunsa da, hələ işə düşməyib. 

Bu sistem  sahibkarların xeyrinə aparılmış islahat hesab oluna bilər. Lakin maarifləndirmə işləri aparılmalıdır ki, əhali bunun mahiyyətini anlasın.

Banklar isə bu sistemə çox risk eləmir. Yəqin bankların bundan istifadə etməməsinin səbəbi məhkəmə məsələsidir. Məhkəmədə sui-istifadə halları yarana bilər”.