Dünya 09:20 22.03.2018

Barəsində cinayət işi açılan prezident istefa verdi

Vəzifəsindən sui-istifadə etməsi iddiaları ilə barəsində cinayət işi açılan Peru prezidenti Pedro Pablo Kuçinski istefasını parlamentə təqdim edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, prezident televeziya vasitəsilə verdiyi açıqlamada Perunun inkişafına əngəl təşkil etməmək üçün istefa verdiyini deyib. O, müxaliflər tərəfindən haqsız yerə günahlandırıldığını bildirərək, son zamanlarda baş verən naməlum olaylar səbəbindən nə ölkəsinin, nə də ailəsinin çətin anlar yaşamasını istəmədiyini dilə gətirib.

Kuçinski keçid dövrünün Peru Konstitusiyasına uyğun olacağını bildirib.

Qeyd edək ki, parlament Kuçinskinin istefasını qəbul etsə, onun vəzifə səlahiyyətləri dövlət başçısının köməkçisi Martin Vizkarraya keçəcək.

Xatırladaq ki, Kuçinskinin dövlət başçısı vəzifəsindən azad edilməsinin qarşısını almaq üçün onun bəzi müttəfiqlərinin bir millət vəkilinin dəstəyini qazanmağa çalışmaları ilə bağlı gizli videogörüntüləri ortaya çıxdıqdan sonra ölkədə siyasi böhran dərinləşmişdi.

Ana müxalifət partiyası tərəfindən parlamentə təqdim olunan görüntülərdə prezidentin vəkilinin və eks-prezident Alberto Fucimorinin oğlunun millət vəkili Moizez Mamanini bölgəsində qazanclı müqavilə qarşılığında Kuçinskini dəstəkləməyə razı salmağa çalışdıqları iddia edilirdi.

Belə ki, sabah keçiriləcək səsvermədə Kuçinskinin vəzifədən getməsi üçün parlamentin 87 üzvünün rəyinə ehtiyac var.

Kuçinski Braziliyanın "Odebrecht" şirkətindən rüşvət almaqda ittiham edilirdi.