Siyasət 14:13 21.04.2018

"Baş nazir təyinatı Prezidentin müdrik addımıdır" - Rəşad Məcid

"Novruz Məmmədov həmişə qruplaşmaların fövqündə dayanıb"

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid öz "Feysbuk" səhifəsində Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq olunması məsələsinə münasibət bildirib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, o, Baş nazir təyinatını müsbət qarşıladığını və Novruz Məmmədovun həmişə qruplaşmaların fövqündə dayandığını bildirib:

"Gözlənilməz qərarla ictimaiyyəti təccübləndirmək bacarığı mahir siyasətçilərə, müdrik dövlət başçılarına xas olan keyfiyyətdir. Biz Azərbaycanda Ümummilli lider Heydər Əliyevin timsalında belə nümunələri çox görmüşük, Ulu öndərin gözlənilməz müdrik qərarlarla toplumu, cəmiyyəti necə təəccübləndirdiyinin dəfələrlə şahidi olmuşuq.

Prezident seçkilərindən sonra Azərbaycanın yeni Baş nazirinin kim olacağı, nazirlərdən hansının öz kürsüsünü itirəcəyi barədə söz-söhbətlər ölkə gündəmini zəbt edən əsas müzakirə mövzusu idi. Baş nazir kürsüsünə namizədlər sırasında ən müxtəlif şəxslərin adı hallanırdı. Amma cənab prezident elə fərqli bir şəxsi seçdi ki, hər kəsi, sözün müsbət mənasında, təəccübləndirdi. 

Novruz Məmmədov hakimiyətdə ən iddiasız, özünü təblig etməyən, amma fəaliyyəti ilə dövlətə, dövlətin başçısına sədaqətlə xidmət göstərən məmurlardan biridir. Cəmiyyətdə müsbət imici var, korrupsiyada adı heç vaxt hallanmayıb, həmişə qruplaşmaların fövqündə dayanıb. Səmimidir, dürüstdür. Mən bu seçimi cənab prezidentin müdrik addımı kimi qiymətləndirir və bu uğurlu qərara görə öz təşəkkürümü bildirirəm. 

Cənab prezident bu gözlənilməz qərarı ilə özünün peşəkar dövlət adamı, təcrübəli siyasi xadim olduğunu bir daha təsdiqlədi.

Mən Baş nazir vəzifəsinə təsdiq olunması münasibəti ilə Novruz müəllimi təbrik edir və inanıram ki, indiyə qədər oldugu kimi bu yeni, mötəbər kürsüdə də o öz təmkinli, soyuqqanlı davranışı, fədakar fəaliyyəti ilə Vətənimizə, Dövlətimizə layiqincə xidmət göstərəcək".